Müğənni Yaqut Nərimanın əri tərəfindən qətlə yetirilməsi və iş adamı Orxan Məmmədlinin intihar olayları ölkə mediasında müzakirə obyektinə çevrilib. Daha çox tele-proqramlarda baş verənlərlə bağlı müxtəlif iddialar səsləndirilir. Bu isə dərdli ailələrin haqlı narazıılğına səbəb olur.
Bəs istintaq davam edərkən bu hadisələrin müzakirə olunmasında televiziyalar nə qədər məsuliyyət daşıyır?
Medai eksperti, hüquqşünas Ələsgər Məmmədli məsələ ilə bağlı Bakıvaxtı.az-a deyib ki, kirminal hadisələr ictimai əhəmiyyət daşıdığı müddətdə müzakirə oluna bilər.
Onun sözlərinə görə, bu, işin ümumi tərəfidir: “Yəni, tutaq ki, hansısa uşaq qətli baş verib. Ailə, məişət zəminində faciəli bir hadisə olub, yaxud qadın cinayəti qeydə alınıb. Bu hallarda əlbəttə ki, hansısa formada televiziyalarda ictimai əhəmiyyəti baxımından onun müzakirə edilməsi təbiidir".
Müsahibimiz əlavə edib ki, iş konkret hansısa cinayət işi materiallarından, yaxud da şəxsi həyata qanunsuz və balanssız müdaxilədən gedirsə, əlbəttə, bu çərçivədə daha peşəkar davranmaq, həmçinin bunun önlənməsi üçün zəruri tədbirlər görmək lazımdır: "Medianın iki önəmli əməl etməli olduğu norması var: media hüququ və media etikası. Azərbaycanda 2022-ci ildən etibarən qüvvədə olan "Media haqqında” qanun var. Həmin qanun həm televiziyaların, həm də radioların və digər media subyektlərinin hüquqi fəaliyyətini tənzimləyir. Yəni, hansı materiallara dair tələblər nədir, onlar nələrə diqqət etməlidir, şəxsi həyatın, şərəf və ləyaqətin, azyaşlıların və ya zərərçəkənlərin, istintaq sirlərinin qorunması və s. bunlar hamısı yayımçıların öhdəliyidir".
Ələsgər Məmmədli xüsusuilə vurğulayıb ki, yayımçılar da bu öhdəliklərə əməl edərək qanuna uyğun formada informasiya yaymalıdırlar. Çalışmalıdırlar ki, hüquqi aspekti pozmasınlar: "Hüquq pozduqları zaman hüquqi məsuliyyət yaranacaq. Əlbəttə ki, hüquqi məsuliyyət dedikdə, konstitusiyanın 32-ci maddəsi - Şəxsi həyatın qorunması prinsipi və 63-cü maddəsi - Təqsirsizlik hüquqi prinsipi yada düşür. Onlardan doğan pozuntulara görə, inzibati məsuliyyət, eyni zamanda mülki məsuliyyət yaranır. Dəyən zərərin kompensasiyası baxımından və eyni zamanda bu hədd həm də cinayət predmeti səviyyəsinə qalxıbsa, şəxsi həyata müdaxilə, şəxsi həyat sirlərinin yayılması, Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə cinayət hesab olunur. Şəxsi yazışmaların gizliliyinin pozulması 155-ci maddə ilə cinayət məsuliyyəti yaradır. Şəxsin hansısa formada şəxsi həyatına müdaxilə edərək təhqir və ya böhtan atmaq 147-ci maddə, 148-də təhqir müddəaları da var. Belə baxanda hüquqi pozduğu zaman da hüquqi məsuliyyət yaranacaq".
Müsahibimiz qeyd edib ki, ikinci önəmli məqam isə etik məsələdir. Medianın cəmiyyətdə etibar qazanması üçün etik çərçivələrə əməl etmək öhdəlikləri var: "Bizim qüvvədə olan Mətbuat Şurasının jurnalistlərin etik davranış qaydalarının 4 təməl prinsipi var. Hansı ki, orada da məhz zərərçəkənlərin gizliliyinin, istintaq sirrinin, azyaşlıların qorunması və s. əksini tapıb. Bir sözlə, hüquqda qoruma altında olan şeylər həm də etikada pozuntu kimi qarşımıza çıxır".

Ələsgər Məmmədli: Medianın cəmiyyətdə etibar qazanması üçün etik çərçivələrə əməl etmək öhdəlikləri var
Sual yaranır: Televiziyaların bu tip məsələləri müzakirəyə çıxarıb qanun pozmağına kim nəzarət edir?
Müsahibimiz qeyd edib ki, bizim boşluğumuz burdan doğduğu üçün televiziyalarda həm şəxsi həyatlar yerə tökülür, həm də hələ məhkəmə önünə çıxmayan şəxslər artıq cəmiyyətə təqsirli kimi təqdim olunur: “Daha doğrusu, günahkar kimi, cinayətkar kimi, yaxud da istintaq materialları bəlkə qəsdən sızdırılaraq olmayan bir məsələni olmuş kimi göstərməyə cəhd olunur. Media burada bir sözlə alət kimi istifadə oluna bilər. Buna da Audioviual Şura nəzarət etməlidir. “Media haqqında” qanuna görə, televiziyalarda həm hüquqa uyğun davranmaq, həm də başqalarına zərər dəyməsinin qarışını almaq, toplumu və azyaşlıları qorumağa çalışmaq lazımdır. Bu tip müzakirələrin hansı saatda getməyi də xüsusilə əhəmiyyət kəsb edir".
Həmsöhbətimiz sonda qeyd edib ki, televiziyaçılar bütün aspektləri də nəzərə almalıdırlar. Belə ki, televiziyalarda müzakirələr peşəkar aparılmalıdır. Ekspertlər olmalıdır. Onlar həm media hüququ çərçivəsini, həm də etika çərçivəsini bilməlidirlər: "Cəmiyyətdə bu tip məsələlərin əlavə yaratdığı dalğanın, neqativ dalğalar ola biləcəyini də başa düşməlidirlər. Məsələn, intihar xəbərlərini necə təqdim etmək olar, yaxud da cinayətin təsviri necə olmalıdır və s. Tutalım “filankəsin başını kəsib necə öldürdülər” ifadəsi istifadə edilməməlidir. Belə həssas məsələri də dərk edərək müzakirə etmək lazmdır".
Xəyalə Rza
















