• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Xankəndi Şuşanın təsəllisini eşidir: “Az qaldı...”

GÜNDƏM

13 Sentyabr 2021 | 15:25

Xankəndi Şuşanın təsəllisini eşidir: “Az qaldı...”

Sentyabrın 11 və 12-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri işğaldan azad olunmuş Şuşa şəhərinə səfər ediblər. Onlar erməni vandalizmi və yenidənqurma işləri ilə tanış olublar.

Bakıvaxtı.az QHT nümayəndələrinin səfərlə bağlı fikirlərini və təəssüratlarını öyənib.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi (SİAM) İctimai Birliyinin sədri Zaur İbrahimli bildirib ki, Şuşa şəhərinin ərazisi kiçik, işığı böyük, qüdrəti sonsuz, ruhu möhtəşəmdir.

“Nəhayət Şuşa... Qürurumuzun, zəfərimizin, mədəniyyətimizin, rəşadətimizin rəmzi şəhər.  Şəhərə yaxınlaşan və onu əhatə edən sıldırım qayaları görən kimi dahi Məmməd Arazın unudulmaz misraları beynimdə şimşək kimi çaxır: “Mamır olub qayasında bitərdim...”  Şuşa, bu dörd hərfdə Azərbaycanın 30 illik həsrəti, göz yaşları, əzabları, iztirabları, ucalığı, mərdliyi, dözümü, rəşadəti  ifadə olunub. Mənə elə gəldi ki, Şuşa bizi məğrur, qürrələnə-qürrələnə qarşıladı... Dostum, tanınmış jurnalist Anar Yusifoğlu demişkən, Şuşa erməni məkri, daha sonra işğalı ilə mübarizə apardı, bütün fitnələrə baxmayaraq hər qarışı, daşı, çınqılı, küçəsi, divarı ilə türk şəhəri olaraq qaldı. Ermənilər nə qədər çalışa da, Şuşa təslim olmadı, iliyinə qədər milli tariximizi, ruhumuzu ana bətninində olduğu kimi qorudu, bizə əmanət saxladı. Xarı bülbül vətən nəğməsini qorudu, Cıdır düzü Qarabağ atlarının məğrurluğunu, şuşalıların mətinliyini, Göhvər Ağa məscidi inancı, İsa bulağı bərəkəti, diriliyi, Şuşa qalası mübarizliyini mühafizə etdi.

Şuşa küçələrində sanki Azərbaycan, Türkiyə bayraqları daha qürurla dalğalanır, divarlar, hətta dağıdılmış evlər canlı təsiri bağışlayır. Divarlardakı əsgərlərimizin nişanəsi olan yazılar isə mənə Orxon-Yenisey əlifbası, Göytürk əlifbası qədər möhtəşəm təsir bağışladı. Bu yazıları yeni tariximizin, başlanğıcımızın müqəddəs sətrləri kimi oxudum. Şuşa sıldırımları hərb tarixində silinməz iz qoyan Azərbaycan əsgərinin hünərini, vətən sevgisini başa düşmək üçün əyani vəsaitdir. Allah Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinə rəhmət eləsin, qazilərimizə can sağlığı nəsib etsin! Bizlərə Qələbə, Zəfər, yeni tarix bəxş etdilər və yazdılar. Şuşada Üzeyir bəyin musiqisini, Bülbülün səsini, Vaqifin, Xan qızı Natəvanın poeziyasını, Seyid Şuşinskinin muğamını daha yaxşı dərk edirsən, mədəniyyət beşiyi Şuşanın sirri-sehrindən kiçik də olsa, biz də pay aldıq... Şuşanın ərazisi kiçik işığı böyük, qüdrəti sonsuz, ruhu möhtşəmdir...”,-deyə QHT rəhbəri bildirib. 

Z.İbrahimli qeyd edib ki, Şuşa sürətlə öz əvvəlki fiziki görkəminə qovuşacaq: “Şəhərdə sürətli və geniş miqyasda tikinti və bərpa işləri gedir, hətta tikintidə çalışanlarda, infrastukturu bərpa edən işçilərdə belə böyük həvəs, coşqu var. “Şuşanı yenidən qurmaq, yaratmaq hər adama nəsib olmur” – deyirlər.

Şuşadan ayrılanda Cıdır düzündən seyr etdiyim Xankəndi gözümün önündən getmirdi. Xankəndi artıq hər səhər axşam Azan səsi eşidir, Şuşanın təsəllisini duyur: “Az qaldı...”

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, səfərin əsas məqsədi QHT nümayəndələrinin erməni Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində törədilən vandallıqlarını gözləri ilə görmək və eyni zamanda dövlətimiz tərəfindən qısa zaman kəsiyində Şuşa şəhərində abadlıq və quruculuq işləri ilə tanış olaraq bu istiqamətdə müxtəlif platformalarda təbliğat işlərinə dəstək verilməsi idi.

"Əlbəttə bu səfərin  mənəvi tərəfləri də vacibdir. Şuşa şəhəri həm də ölkə vətəndaşları üçün inanc və ziyarətgah mahiyyəti daşıyır.

Şuşada olmaq çox qürurvericidir, amma çox qarışıq hisslər daşıyır. Sevinc və kədər, qürur və məyusluq, sevgi və nifrət və onlarca bu tip qarışıq hisslər insanı rahat buraxmır. Şəhəri gəzdikcə Azərbaycan ordusunun gücü ilə  qürurlanıb,  öz şəhərimizin bizə qayıtdığına sevinib, sevgi ilə bu hissləri və hətta sevinc göz yaşlarını paylaşırsan. Eyni zamanda mədəniyyət ocağına vurulan zərbələri görüb kədərlənirsən, Şuşada və digər ərazilərdə ermənilərin törətdiyi bu vəhşiliklərə görə dünyanın laqeydliyinə təəssüflənirsən və bütün bu sadaladığım, sadalamağa zamanın yetməyəcəyi faktlara görə, erməniyə və onun timsalında haqsızlığa qarşı kin və nifrətin püskürür.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun çox böyük qəhrəmanlığı nəticəsində Şuşa işğaldan azad edilib. Şuşanın hər yerində bu qəhrəmanlığın qürurunu yaşayırsan. Hesab edirəm bu qələbə bütün təmtərağı ilə Şuşanın hər tərəfini bəzəməlidir. Zaman keçdikcə Şuşa sakinləri ilə yanaşı şəhərə gələn qonaqlar bu əzəməti və qələbəni görməli və dünyaya ötürməlidir”,-deyə QHT rəhbəri bildirib. 

C.Hüseynzadə bildirib ki, səfər zamanı hər addımda Şuşada aparılan abadlıq və quruculuq işlərini hiss etdik. Şuşa artıq öz sakinlərinin və sahiblərinin nəfəsi ilə yaşayır, tarixi görkəmini saxlamaqla qurulur və yaxın zamanda ölkəmizin ən inkişaf etmiş guşəsinə çevriləcək.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026