Barəsində çoxdan bəri məlumatlar ortaya çıxan Xiaomi 12 Ultra smartfonu ləğv edilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Xiaomi şirkətinin direktoru Lei Jun şirkətin gələn həftənin əvvəlində baş tutacaq təqdimat tədbiri barəsində fikirlərini bildirən zaman deyib.
Onun sözlərinə görə, şirkət istifadəçilər üçün onun digər alternativi olan yeni flaqman smartfon təqdim edəcək. Sadəcə olaraq təqdim ediləcək smartfon fərqli ada sahib olacaq. Çinin Weibo adlı sosial şəbəkəsində Lei Jun-a Xiaomi 12 Ultra-nın texniki göstəriciləri barəsində sual verilən zaman o, qeyd edib ki, sözügedən smartfonun ilk əvvəl bu ilin mart və ya aprel ayında satışa çıxarılması planlaşdırılırdı. Lakin daha sonra şirkət həmin smartfondan imtina etdi və onun daha güclü alternativi üzərində çalışmağa başladı. Söhbət, Xiaomi 12S Ultra smartfonundan gedir.
Məlumatda həmçinin qeyd edilib ki, Xiami 12S Ultra modeli Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunacaq və məhz o, ləğv edilmiş Xiaomi 12 Ultra-nın yerini tutacaq. Məlumata əsəasən Xiaomi 12S Ultra modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun 12 GB-a kimi RAM yaddaşını, 512 GB-a kimi daxili yaddaş həcmini və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı özündə birləşdirəcəyi gözlənilir. Kameralara gəldikdə isə Xiaomi 12S Ultra-nın Leica istehsalı olan 50 MP + 48 MP + 48 MP üçlü arxa kameraya sahib olacağı güman edilir (technote.az). Qeyd etmək lazımdır ki, Xiaomi 12S Ultra-nın təqdimatı 4 iyul tarixində baş tutacaq. Təqdimat çərçivəsində şirkət həmçinin digər Xiaomi 12S modellərini də təqdim edəcək.