Yay mövsümünün qızğın çağında Azərbaycanın əsas turizm istiqamətləri sayılan Quba-Qusar, Qəbələ-Şəki, İsmayıllı və Qarabağ zonasında böyük canlanma müşahidə olunur. Ölkə vətəndaşlarının və xaricdən gələn qonaqların istirahət üçün daha çox dağlıq və meşəlik ərazilərə tutduğu üzgünlük fonunda son günlər bölgələrdə havanın yağışlı və qeyri-sabit keçməsi diqqət çəkir.
Bölgələrin aktiv turizm zonası olduğunu, eləcə də açıq havada istirahətə tələbatın pik həddə çatdığını nəzərə alsaq, bu cür gözlənilməz hava şəraiti sektora, turist axınına və mehmanxana rezervasiyalarına necə təsir göstərir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi bildirib ki, intensiv leysanlar turizm sektoruna ilk növbədə təhlükəsizlik və nəqliyyat əlçatanlığı baxımından təsir edir.

Samir Dübəndi: Təsir əsasən lokal və qısamüddətlidir
Ekspertin sözlərinə görə, dağlıq ərazilərdə sel, torpaq sürüşməsi, yolların zədələnməsi və çaylarda su səviyyəsinin yüksəlməsi riski açıq hava turlarının, yürüşlərin, kənd və ekoturizm səfərlərinin təxirə salınmasına səbəb ola bilər. Bu isə xüsusilə həftəsonlarında mehmanxanaların, kənd qonaq evlərinin, restoranların və tur şirkətlərinin gəlirlərinə mənfi təsir göstərir:
"Lakin bunu bütün ölkə turizmi üzrə uzunmüddətli böhran kimi qiymətləndirmək düzgün olmaz. Təsir əsasən lokal və qısamüddətlidir. Əsas məsələ turizm marşrutlarında operativ hava xəbərdarlığı sisteminin qurulması, təhlükəli yolların vaxtında bağlanması, turistlərin məlumatlandırılması, çevik rezervasiya qaydaları və turizm fəaliyyətləri üçün sığorta mexanizmlərinin inkişaf etdirilməsidir. İqlim dəyişiklikləri fonunda belə hava hadisələri artıq istisna deyil və sektor buna sistemli şəkildə hazırlaşmalıdır".
Zeynəb Rzayeva
Bakı 



