Fransanın Lion şəhəri yaxınlığında yaşayış binasında yanğın olub, ölənlər var.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında Lion şəhəri yaxınlığındakı Vaulx-en-Velin kommunasında yeddi mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 10 nəfər həlak olub. Ölənlərdən beşi 3-15 yaş arası uşaqlardır.
Darmanin bildirib ki, hazırda yanğının səbəbi məlum deyil.
"Bir neçə ssenari var və təhqiqat aparılacaq", - nazir əlavə edib.
Hadisə yerinə 180-ə yaxın yanğınsöndürən cəlb olunub və yanğın artıq söndürülüb.
















