SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, yanvar-iyun aylarında ölkədən 14 milyon 47 min ton xam neft ixrac edilib. Bəs bu qədər neft ixrac etmək dövlətə puldan başqa nə kimi fayda verir? Nəzərə alsaq ki, son zamanlar neftlə bağlı ən actual mövzulardan biri də neftin azalacağı ilə bağlı praqnozlardır, bu qədər neft ixracatı zərər verə bilər?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a danışıb:
Azərbaycanda neft istehsalı obyektiv səbəblərə, artıq uzun müddətdir neft quyuları istismar olunduğuna görə təbii olaraq azalacaq. Yəni neft hasilatının pik nöqtəsi, təqribən, 2011-2012-ci illərdə qeydə alındı. Azərbaycan günə azı bir milyon barel neft istehsal edirdi. İndi isə 715-720 min barelə qədər azalıb. Hətta yaxın gələcəkdə 600 min barelə qədər azalması gözlənilir. Bunun da, təqribən, 100-150 min bareli daxili istehlak, yerdə qalanı isə ixracat üçün nəzərdə tutulub. Azərbaycanda neft hasilatı olmasa, Azərbaycan neft ixrac etməsə, təbii ki, bu ölkəyə çox ciddi ziyan vura bilər. Çünki iqtisadiyyatımızın əsas aparıcı qüvvəsi neftdir. Neftin satışından əldə edilən gəlirlər neft fonduna daxil olur və hər il büdcənin tən yarısı məhz neft pullarına görə formalaşır. Ona görə də, neft hasilatının azalması ixracatın da azalmasına səbəb olacaq. Bu da gələcəkdə Azərbaycanın neftdən asılılığının indiki səviyyədə qalması davam edərsə təhlükə törədə bilər. Ona görə də, biz çalışmalıyıq ki, neftdən asılı olmayan iqtisadi modeli sürətləndirək. Qeyri-neft sektorunun, istehsalın, ixracatın artırılması əsas prioritet məsələ olmalı, Azərbaycan hökuməti yaxın illərdə bu məsələni ciddi nəzarətdə saxlamalıdır.
Aytac Aslan
















