Cari ilin altı ayı ərzində respublikanın avtomobil yollarında qeydə alınan yol qəzalarının sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, bu ilin birinci yarımilliyi ərzində qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 99 fakt, başqa sözlə 12.7 faiz azalaraq 681 fakt təşkil edib:
“Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı ötən illə müqayisədə 54 nəfər azalaraq 333, xəsarət alanların sayı isə 71 nəfər azalaraq 598 olub”.
BDYPİ-dən bildirilib ki, qeydə alınan yol qəzalarının növləri sırasında piyadavurma, toqquşma, mane vurma, aşma hadisələri üstünlük təşkil edib.
“Hadisələrin baş vermə səbəblərinə gəldikdə isə avtonəqliyyat vasitələrini yüksək sürətlə idarəetmə, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması faktları daha çox qeydə alınıb” - məlumatda deyilir.Report