“2020-ci ilin Vətən Müharibəsindən sonra Azərbaycanın Qarabağ üzərindəki nəzarəti böyük ölçüdə bərpa olunsa da, bölgənin mərkəzi hissəsində - Xankəndi və ətraf ərazilərdə hələ də qanunsuz erməni silahlı birləşmələri mövcud idi. Bu vəziyyət həm ölkənin suverenliyinə, həm də regional təhlükəsizliyə ciddi təhdid yaradırdı”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Deputat Azərbaycanın müstəqillik tarixində 20 sentyabr 2023-cü ilin xüsusi bir yer tutduğunu vurğulayıb. Onun dediyinə görə, məhz bu tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpası istiqamətində sonuncu mərhələ baş tutdu:
“Uzun illər işğal və separatçılıq altında olan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri üzərində dövlət suverenliyi tam şəkildə təmin olundu. 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağda yerləşən qanunsuz erməni silahlı birləşmələri tərksilah edilərək, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Azərbaycanın tam nəzarətinə keçdi”.
Həmsöhbətimiz bildirib ki, bu şəhərlərin hər biri Azərbaycanın yaxın tarixində mühüm və ağrılı hadisələrlə yadda qalıb. Xüsusilə Xocalı - 1992-ci ildə baş vermiş Xocalı soyqırımı ilə xalqımızın yaddaşına əbədi həkk olunub. Məhz bu gün bu şəhərlərin yenidən Azərbaycan dövlətinin nəzarətinə qovuşması təkcə siyasi deyil, həm də mənəvi ədalətin bərpasıdır.
Pərvanə Vəliyeva: 20 sentyabr tarixi simvolik olaraq Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Azərbaycana tam qovuşma günü kimi yadda qalır
“20 sentyabr, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əhəmiyyətli bir dönüş nöqtəsidir. Həmin gün Qarabağda separatçı rejim süquta uğradı, 30 ilə yaxın davam edən münaqişəyə faktiki olaraq son qoyuldu və Azərbaycanın konstitusion quruluşu bu bölgələrdə bərpa olundu” deyən deputat qeyd edib ki bu baxımdan, 20 sentyabr tarixi simvolik olaraq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin Azərbaycana tam qovuşma günü kimi yadda qalır.
Onun sözlərinə görə, bu ərazilərdə artıq dövlət orqanları fəaliyyətə başlayır, bərpa və yenidənqurma işləri sürətlə aparılır. Məqsəd, bu torpaqlarda dayanıqlı sülh, təhlükəsizlik və inkişafı təmin etməkdir. Həmçinin şəhərlərin tarixi siması və mədəni irsi qorunmaqla yenidən canlandırılır.
“Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması olduqca əlamətdar bir gün kimi tarixə düşüb. Məhz bu tarixi günlə əlaqədar Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir”, - deyə Pərvanə Vəliyeva qeyd edib.
Nərgiz Məmmədli