"Azərbaycan İlahiyyat İnstitutunda artıq iki ildir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ailə dəyərlərinə həsr olunmuş layihə həyata keçirilir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə institutun rektoru Aqil Şirinov məlumat verib.
Rektor bildirib ki, layihənin əsas məqsədi Beynəlxalq Ailə Günü münasibətilə tələbələri dinləmək və gənclər arasında milli ailə dəyərlərini təşviq etməkdir. Onun sözlərinə görə, tələbələr auditoriyalarda müəllim qismində çıxış edərək Azərbaycanın milli düşüncəsində və milli kimliyində ailə dəyərlərinin rolundan bəhs edirlər.
A.Şirinov qeyd edib ki, layihə çərçivəsində ailə dəyərləri psixoloji, sosioloji və teoloji aspektlərdən təhlil olunur. Bununla yanaşı, müəllimlərin və Azərbaycanda fəaliyyət göstərən ziyalıların iştirakı ilə müxtəlif mühazirələr təşkil edilir.
“Mühazirələrdən sonra mövzu ətrafında müxtəlif diskussiyalar və müzakirələr aparılır. Əsas məqsədimiz Azərbaycanın milli ailə dəyərlərini gənclərə aşılamaqdır”, - rektor vurğulayıb.
O bildirib ki, müasir dünyada ailə dəyərlərinə qarşı müxtəlif təhdidlər mövcuddur və ənənəvi ailə modeli getdikcə funksionallığını itirir. Bunun əvəzində yeni yanaşmalar ön plana çıxır. Rektorun sözlərinə görə, müasir Azərbaycan ailəsi həm ənənəvi köklərinə sadiq qalmalı, həm də dövrün çağırışlarını nəzərə almalıdır.
A.Şirinov əlavə edib ki, layihənin məqsədi milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir yanaşmaları özündə birləşdirən ailə modelini cəmiyyətə aşılamaqdır.
Rektor tələbələrin təqdim etdiyi mühazirələrin gələcək layihələr üçün də önəmli baza yaradacağına ümid etdiyini bildirib:
“İnstitutda ailə dəyərləri, qadın hüquqları və erkən nikahlarla bağlı müxtəlif layihələr həyata keçirilir və həmin layihələr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənir”.
Zeynəb Rzayeva
Bakı 












