Astara rayonundakı Əlişa qalasında qədim dövrə aid unikal tikili aşkar edilib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun ekpedisiyası heyəti Astara rayonunda işlərini davam etdirir.
Ekspedisiya qrupu 2025-ci il iyunun 2-dən etibarən, Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında arxeoloji qazıntılar aparır. Ərazidə mühüm elmi əhəmiyyətə malik unikal memarlıq nümunəsi aşkarlanıb.
Ekspedisiyasının rəhbəri tarix elmləri üzrə fəlsəfə doktoru , dosent Mikayıl Mustafayev media nümayəndələrinə bildirib ki, qazıntılar zamanı qədim dövrə aid, yoncavari (quatrefoil) formada inşa edilmiş daş hovuz kompleksi üzə çıxarılıb. "Bu memarlıq formasını Azərbaycanda ilk dəfə sənədləşdirilmiş su sistemi kimi qiymətləndirilir. Hovuz kompleksi Lotos çiçəyi formasında olub, diametri təxminən 1,5 metrdir. Kompleksə daimi su axınını təmin edən daş su arxları və döşəməsi daş plitələrlə örtülmüş əlavə tikililər də daxildir.
Əldə edilən saxsı materiallar və tikinti texnikasına əsasən, bu kompleksin eramızdan əvvəl I əsr – eramızın III əsri aralığında inşa edildiyi ehtimal olunur. Struktura bitişik divar qalıqları və ərazinin qaya relyefi bu hovuzun qala daxilində yerləşən ritual və ya ictimai təyinatlı su qurğusu olduğunu göstərir. Qeyd edək ki, bu tip hovuz forması indiyədək yalnız Yaxın Şərq, İran və Aralıq dənizi sivilizasiyalarında qeydə alınmışdır. Onun ilk dəfə olaraq Azərbaycan ərazisində aşkar olunması ölkənin qədim memarlıq və mədəniyyət tarixinin tədqiqi baxımından mühüm elmi yenilik hesab olunur".
Hazırda arxeoloji qazıntı işləri davam etdirilir.