Növbəti mövsümün hazırlığını davam etdirən "Səbail"in baş məşqçisi Elvin Məmmədov təlim-məşq toplanışının gedişatını dəyərləndirib.
Bakıvaxtı.az xəbər verir ki, gənc mütəxəssis fanat.az-a açıqlamasında komandasının çempionata 50 faiz hazır olduğunu deyib:
"On gündü məşqlərə başlamışıq və bu müddətdə 2 sınaq matçı keçirmişik. "Xudat" (1:0) və "Xankəndi" (2:1) ilə görüşlər fiziki yüklənmə altında baş tutdu. Daha üç oyun keçirəcəyik. Növbəti qarşılaşmamız avqustun 14-də "Baku Sportinq"ə qarşı olacaq.
Komandanın hazırlıq səviyyəsi hələ 50 faiz civarındadır. Tədricən daha yaxşı yerlərə gələcəyik və çempionatın startına qədər 80-90 faiz hazır olacağıq".
Məmmədov heyətə yeni oyunçular cəlb olunacağını da bildirib:
"Heyəti böyük ölçüdə komplektləşdirməyə çalışmışıq. Amma daha üç transfer həyata keçirməyi planlaşdırırq. Onlardan 2-si legioner olacaq, 1-i yerli. Dayaq yarımmüdafiəçi, vinger və sırf hücumçu mövqeyinə oyunçu alacağıq. Dayaq mövqeyinə yerli futbolçu götürməyi planlaşdırmışıq, irəli mövqeyə isə legioner gətirəcəyik. Namizədlər təklif olunur, baxırıq, götür-qoy edirik. Büdcəmiz böyük olmadığı üçün bahalı əcnəbi transfer etməyəcəyik, sadəcə, çalışırıq komandaya fayda verən oyunçu cəlb edək. Yaxın bir həftə, on gün ərzində transfer məsələsini bitirmək istəyirik ki, yeni gələnlərin də heyətə uyğunlaşması üçün vaxtı olsun".
Xatırladaq ki, ötən mövsüm Premyer Liqada sonuncu yeri tutan "Səbail" 1-ci Liqaya yuvarlanıb