14 avqustdan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu üzrə ixtisas və məktəb seçimi mərhələsi start götürüb. Seçim prosesi avqustun 21-dək davam edəcək.
Bakıvaxtı.az xəbər verir ki, qəbul imtahanında iştirak edərək 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi vasitəsilə ixtisas və məktəb seçimlərini edə bilərlər. Hər bir namizəd 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçə bilər. Xarici ölkə vətəndaşları müvafiq regional mədəniyyət idarəsinə müraciət edərək seçim edə bilərlər.
Qəbul ödənişsiz təhsil üzrə aşağıdakı yaş hədləri çərçivəsində aparılır:
Musiqi alətləri: fortepiano, simli alətlər (7 illik təhsil) – 6–8 yaş; fortepiano, simli, nəfəs, zərb və xalq çalğı alətləri (5 illik təhsil) – 8–12 yaş.
Vokal və xor ixtisasları: vokal, estrada oxuma, xanəndəlik (5 illik təhsil) – 7–11 yaş; xor (7 illik təhsil) – 7–10 yaş.
Təsviri sənət: rəssamlıq və heykəltəraşlıq (4 illik təhsil) – 8–12 yaş.
Xoreoqrafiya: 5 illik təhsil – 6–10 yaş.
11 illik təhsil sistemi: minimum 13 yaş; namizəd cari və ya ötən ilin müvafiq ixtisas məzunu olmalıdır.
Ödənişli əsaslarla təhsil üçün minimum yaş hədləri saxlanılmaqla, maksimum yaş 29-dur.
Qəbul prosesi müsabiqə prinsipi əsasında aparılır və namizədlər topladıqları bal əsasında ixtisas və məktəblər üzrə reyting sırasına görə qəbul edilirlər. Hər ixtisas və məktəb üzrə sonuncu qəbul olunan namizədin balı keçid balı hesab olunur.
Seçim nəticələri elan edildikdən sonra namizədlər (18 yaşdan kiçiklər valideyn və ya qanuni nümayəndə vasitəsilə) aşağıdakı sənədləri sistemə yükləyərək təhsil alacağını təsdiqləyirlər: şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün müvəqqəti yaşamaq icazəsi, tibbi arayış, 3x4 sm fotoşəkil və musiqi təhsili ilə bağlı sənədlər. Ödənişli təhsil üzrə isə təhsil haqqının ödəniş qəbzi əlavə olunur.
Təhsil haqqı aylıq olaraq Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi üçün 150 AZN, Bakı şəhəri üzrə incəsənət məktəblərində 120 AZN, digər regionlarda isə 100 AZN təşkil edir və müvafiq bank hesabına köçürülür.
Qeyd edək ki, bu il ilk dəfə olaraq 2025/2026-cı tədris ili üçün şagird qəbulu Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində vahid elektron sistem üzərindən həyata keçirilir. 25 aprel-25 may tarixlərində 18 862 müraciət qeydə alınıb, iyun ayında isə I və VIII siniflərə qəbul imtahanları keçirilib, 16 252 namizəd iştirak edib. Apelyasiya müraciətləri imtahan nəticələrinin elanından sonra nəzərdən keçirilib.