• Bakı 25° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Siyasi motivlərlə bütöv bir etnik qrupun hədəf alınması irqçilikdir - Qaya Məmmədovdan Matveyevə CAVAB
SİYASƏT
11 Avqust 2025 | 20:53

Siyasi motivlərlə bütöv bir etnik qrupun hədəf alınması irqçilikdir - Qaya Məmmədovdan Matveyevə CAVAB

Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev gazeta.ru nəşrinə 11 avqust 2025-ci ildə verdiyi müsahibəsində Azərbaycana münasibətdə məsuliyyətsiz və qəbuledilməz fikirlər səsləndirib. 

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycanın Ukraynaya növbəti dəfə humanitar yardım göstərmək qərarını “rusofob” addım kimi qiymətləndirən Matveyev Rusiyada yaşayan azərbaycanlılara qarşı repressiv addımlara çağırıb.

Milli Məclisin deputatı Qaya Məmmədovun sözlərinə görə, aydın məsələdir ki, Matveyevi narahat edən məsələ humanitar yardım deyil, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunması və beləliklə hər iki dövlətin müstəqilliyi əleyhinə onilliklər ərzində rıçaq kimi istifadə edilmiş faktorun aradan qalxmasıdır:  

"Azərbaycanı sistematik rusofobiyada ittiham edən rusiyalı deputatın diqqətinə çatdırmaq istərdik ki, rusofob ölkədə rus teatrı, rus dilində məktəblər və rus dilində nəşrlər olmur. Matveyev və onun kimiləri bilməlidir ki, Azərbaycan əleyhinə belə nankorcasına təbliğat aparmaları Azərbaycanda dövlət büdcəsi hesabına rus dili və mədəniyyətinin təşviqi məsələsinə yenidən baxmağı aktuallaşdırır".

Deputat Azərbaycan diasporuna qarşı repressiv tədbirlərə çağıran rusiyalı həmkarına xatırladır ki, siyasi motivlərlə bütöv bir etnik qrupun hədəf alınması irqçilikdir:

"Görünür, cənab Matveyev və onun kimiləri II Dünya Müharibəsində on milyonlarla insanın həyatı bahasına məğlub edilmiş bir ideologiyanı dirçəltmək və tətbiq etmək qərarına qəliblər. 

Rusiya tərəfinin Azərbaycan Hava Yolları təyyarəsinin Rusiya ərazisində vurulması ilə bağlı və ondan sonra nümayiş etdirdiyi bir sıra addımları, o cümlədən, bu yaxınlarda Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına məqsədyönlü şəkildə hava zərbələri endirməsi ikitərəfli münasibətlərin əsaslarını sarsıdır". 

"Biz Rusiyanın siyasi dairələrinin Azərbaycana qarşı sözügedən addımlarını pisləyirik. Həmişə faşizm və onun müasir formalarına qarşı mübarizədə ön planda olduğunu iddia edən Rusiya Federasiyasının məsul dövlət qurumlarından deputat Matveyevin ikitərəfli əlaqələrə zərər verən, etnik və dini əsasda nifrət və düşmənçilik yaradan irqçi təbliğatı ilə əlaqədar qanun çərçivəsində tədbir görməyi tələb edirik", - deyə Qaya Məmmədov əlavə edib. 


SON XƏBƏRLƏR