• Bakı 27° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Azərbaycanın heç bir ölkədən asılılığı yoxdur: Bundan uduzan Rusiya olacaq

İQTİSADİYYAT

11 Avqust 2025 | 15:08

Azərbaycanın heç bir ölkədən asılılığı yoxdur: Bundan uduzan Rusiya olacaq

“Əgər Rusiyada Azərbaycan malları olmayacaqsa, biz bundan heç nə itirməyəcəyik, amma onlar üçün vəziyyət ciddi dəyişəcək”.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev deyib.  O, Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyini istisna etməyib.

Doğurdanmı Azərbaycanın Rusiyadan iqtisadi asılılığı var? Qarşılıqlı ticarətdə potensial qadağalar hansı ölkəyə daha çox ziyan vura bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Vüqar Bayramovun sözlərinə görə.  hər iki ölkənin yayımladığı statistika təsdiq edir ki, idxal qadağan edilərsə bundan uduzan tərəf Azərbaycan deyil, Rusiya olacaq:

“Belə ki,  2024-cü ildə Rusiya Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard 799 milyon dollar olub. Azərbaycan Rusiyadan 3 milyard 621 milyon dollarlıq mal idxal edib. Rusiyaya isə 1 milyard 178 milyon dollar mal göndərmişik. Bu isə o deməkdir ki, xarici ticarətdə Azərbaycanın Rusiya ilə 2 milyard 443 milyon dollarlıq mənfi saldosu var. Yəni, Rusiya Azərbaycan ilə ticarətdən yalnız ötən il 2 milyard 443 milyon dollar qazanc əldə edib. Deməli, qarşılıqlı ticarətdə istənilən qadağalar Azərbaycandan Rusiyaya daxil olan valyutanın həcmini azaldacaq. Bu isə o deməkdir ki, bundan daha çox rusiyalı iş adamları ziyan görəcəklər”.

V.Bayramov bildirib ki, digər tərəfdən, Azərbaycanın Rusiya ixracı ölkəmizin ümumi ixracatının cəmi 4.4 faizini təşkil edir. Deməli, 26 milyard 338 milyon dollarlıq ixracatımızın 95 faizindən çox Rusiyadan kənar ölkələrə yönəlib:

“Bu isə o deməkdir ki, reallıq heç də rusiyalı deputatın qeyd etidyi kimi deyil. Rəqəmlər təsdiq edir ki, hətta Rusiyanın Azərbaycandan idxalı qadağan edəcəyi halda belə bu ölkəmizin ixrac potensialına xüsusi təsir göstərməyəcək”.

Vüqar Bayramov: Rusiyanın Azərbaycandan idxalı qadağan edəcəyi halda belə bu, ölkəmizin ixrac potensialına xüsusi təsir göstərməyəcək

Rusiyadan Azərbaycana köçürülən pulların məbləğinə gəlincə, müsahibimiz deyib ki, həm əvvəlki illərdə, həm də bu ilin geridə qalan aylarında ciddi azalmalar qeydə alınıb. 2024-cü ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 496 milyon 753 min dollar pul köçürülüb. Bu  isə əvvəlki illə müqayisədə 53 faiz azdır:

“Deməli, Rusiyadan remittensi, yəni pul köçürmə asılılığı da yoxdur. Nəzərə almaq lazımdır ki, remiTtensinin ÜDM-dəki payına görə Azərbaycan regionda ən yaxşı göstərciyə malik dövlətlərdəndir. Beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, Azərbaycanda bu göstərici 3 faizdən azdır. Deməli, bu istiqamətdə Azərbaycanın, nə Rusiyadan, nə də hər hansı digər bir ölkədə heç bir asılılığı yoxdur”.

“Göründüyü kimi, hətta Rusiyanın özünün statistik rəqəmləri belə Dumanın bəzi deputatlarının Azərbaycan ilə ticarət haqqında dediklərini təsdiqləmir. Hərdən statistikaya baxmaq lazımdır, cənablar”, - deyə Vüqar Bayramov vurğulayıb.

Murad Məmmədli


SON XƏBƏRLƏR