• Bakı 27° C

    8.43 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Tramp geri çəkilir? - ABŞ-nin İran planının PƏRDƏARXASI
SİYASƏT
11 Avqust 2026 | 16:57

Tramp geri çəkilir? - ABŞ-nin İran planının PƏRDƏARXASI

ABŞ Prezidenti Donald Tramp İrana qarşı gözləmə mövqeyinə qayıdıb. Məlumatı “The Wall Street Journal" (WSJ) qəzeti adları çəkilməyən ABŞ administrasiyasının rəsmilərinə istinadən yayıb.

Bildirilir ki, tammiqyaslı müharibəni davam etdirmək istəməyən və diplomatik danışıqlardan ehtiyat edən Tramp, maliyyə sanksiyalarına və ABŞ-nin İranın dəniz limanlarını blokadasına iqtisadi ziyan vurmaq üçün daha çox vaxt verəcək gözləmə mövqeyini qəbul edir.

Mövzuyla bağlı politoloq Elçin XalidbəyliBakıvaxtı.az-a bildirib ki, hazırda ABŞ-nin genişmiqyaslı hərbi əməliyyatları təxirə salmaq qərarının kifayət qədər ciddi səbəbləri var.

Onun sözlərinə görə, birinci məqam ondan ibarətdir ki, genişmiqyaslı hərbi əməliyyatlar olduqca bahalı bir prosesdir və Tramp administrasiyası büdcədən daha çox maliyyə vəsaiti xərcləmək istəmir.

"Digər tərəfdən, ABŞ-nin silah-sursat resurslarında ciddi azalmanın olması barədə məlumatlar var ki, bu da effektiv hərbi əməliyyatlar üçün problemlər yaradır. Xüsusilə raketlərin sərf olunmasında müəyyən səhvlərə yol verildiyi, yəni lazım olduğundan daha çox istifadə olunduğu bildirilir. Bu raketlər də olduqca bahalı texnologiyalardır" deyən politoloq bildirib ki, ona görə də itirilmiş resursların bərpa olunmasına qədər hərbi əməliyyatlarda fasilənin verilməsinə üstünlük verilir.

Elçin Xalidbəyli: Bu isə İranın dövlət büdcəsinə kifayət qədər ziyan vura biləcək bir prosesdir

Ekspertin sözlərinə görə, gözləmə taktikasının effektiv olma ehtimalı da istisna edilmir:

"ABŞ hazırda Hörmüz boğazına böyük ölçüdə nəzarət etməyə başlayıb və İranın iqtisadi-ticari fəaliyyətini bloklamağa, xüsusilə neft ixracını nəzarətdə saxlamağa çalışır. Bu isə İranın dövlət büdcəsinə kifayət qədər ziyan vura biləcək bir prosesdir. Müəyyən müddətdən sonra bunun nəticələri İran daxilində sosial-iqtisadi və maliyyə problemlərinin ön plana çıxması ilə özünü büruzə verə bilər".

Elçin Xalidbəyli əlavə edib ki, qərarın pərdəarxasında daxili siyasi amillər də mühüm rol oynayır:

"Böyük ehtimalla aralıq seçkiləri ərəfəsində Tramp administrasiyası genişmiqyaslı hərbi əməliyyatlara həvəs göstərmir. Ağ Evdə səslərin itirilməsindən narahatdırlar və siyasi maraqlar ön plandadır. Yəqin ki, Ağ Evdə hesab edirlər ki, İranın uzun müddət daha sərt blokada şəraitində saxlanılması rəsmi Tehranı irəli sürülən tələbləri qəbul etmək məcburiyyətində buraxa bilər".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR