• Bakı 28° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Hörmüz boğazında düyün: İran ABŞ qarşısında hansı şərtləri qoyub?

DÜNYA

11 Avqust 2026 | 13:38

Hörmüz boğazında düyün: İran ABŞ qarşısında hansı şərtləri qoyub?

Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı diplomatik səylər davam edir. İran Omanla strateji su yolunda yeni dəniz marşrutlarının yaradılmasına dair razılaşmanın yekun mərhələyə çatdığını açıqlasa da, Tehranın boğazın tam açılması üçün ABŞ-dən bir sıra şərtləri yerinə yetirməsini tələb etdiyi bildirilir.

“Reuters” agentliyi məlumat verib ki, İran və Oman arasında Hörmüz boğazında gəmiçilik üçün yeni marşrutların müəyyənləşdirilməsi ilə bağlı razılaşmanın hazırlanması başa çatmaq üzrədir. Lakin Tehran ABŞ tərəfindən müəyyən tələblərin yerinə yetirilməsini boğazın açılması üçün əsas şərt hesab edir. İranın tələbləri arasında son hərbi əməliyyatlar nəticəsində dəymiş zərərin kompensasiya edilməsi, ABŞ-nin hərbi təzyiqlərinin dayandırılması, sanksiyaların aradan qaldırılması və dondurulmuş İran aktivlərinin sərbəst buraxılması kimi məsələlər yer alır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, İranın Omanla apardığı danışıqlar dolayısı yolla həm də ABŞ ilə aparılır.  Onun sözlərinə görə, yayılan məlumatlardan da aydın olur ki, bu prosesdə ABŞ prezidenti Donald Trampın xüsusi numayəndəsi Stiv Uitkoff da müəyyən formada iştirak edir:

“Adətən açıqlamalarda bəzi məqamlar şişirdilir. Dəfələrlə danışıqların gedişatı ilə bağlı çox ciddi açıqlamalar verilsə də, ciddi nəticələr olmayıb. Ancaq görünən odur ki, proses hansısa formada irəliyə aparılır. Çünki Hörmüz boğazını uzun müddət qeyri-müəyyən vəziyyətdə saxlamaq mümkün deyil”.

Müsahibimiz hesab edir ki, İran əslində əlinə imkan düşmüşkən Hörmüz boğazında özünün nəzarət mexanizminin legitimləşdirilməsinə çalışır. Bunu əvvəllər təkbaşına edəcəyini vurğulayırdı. İndi bu məsələ Omanla müzakirə olunur. Oman ilk dövrlərdə bu təklifə müsbət yanaşmamışdı, boğazdan keçən gəmilərdən vəsait alınmasının tərəfdarı olmadığını qeyd etmişdi.

Oqtay Qasımov: İranın Omanla apardığı danışıqlar dolayısı yolla həm də ABŞ ilə aparılır

O.Qasımov vurğulayıb ki, lakin görünür, ABŞ ilə aparılan danışıqlar Omanın mövqeyi ilə bağlı da dəyişikliyə səbəb olub. ABŞ Hörmüz boğazı ilə bağlı təzyiqləri artırmaqla həm də gələcəkdə özünün prosesdə birbaşa iştirakını təmin etmək istəyir.

“Bu arada Çin də öz mövqeyini açıqlayıb və boğazda rüsumsuz keçidin olmasının vacib olduğunu vurğulayıb. Yəni Hörmüz boğazı ətrafında güc mübarizəsi gedir”, - deyə Oqtay Qasımov əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026