• Bakı 32° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

Trampın ultimatumu: Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ
SİYASƏT
30 Iyul 2025 | 13:04

Trampın ultimatumu: Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ

Bəzən bir liderin dilindən çıxan qısa cümlə qlobal diplomatiyada yeni istiqamətlərin başlanğıcı ola bilər. Xüsusilə bu lider Donald Trampdırsa, hər bir bəyanat həm dünya mətbuatında, həm də siyasi kulislərdə uzun müddət müzakirə olunur.

ABŞ prezident Donald Trampın “Bu gündən 10 gün” deyərək Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına konkret vaxt qoyması, beynəlxalq münasibətlər müstəvisində həm ciddi suallar doğurub, həm də gözləntiləri artırıb. Tramp bildirib ki, əgər bu 10 gün ərzində Moskva ilə razılaşma əldə olunmasa, idxal rüsumları və digər iqtisadi alətlər vasitəsilə təzyiq artırılacaq. O, bunu birbaşa uçuş zamanı - Aberdindən Vaşinqtona doğru hərəkət edən prezident təyyarəsində jurnalistlərə açıqlayıb.

Trampın ritorikasında yeni heç nə olmasa da, bu dəfə verdiyi müddətin qısalığı və mesajın sərtliyi diqqət çəkir. Onun sözlərinə görə, artıq əvvəlki 50 günlük mərhələ başa çatıb və zaman indi daha sürətlə işləyir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Tramp bir neçə ay öncə Rusiya-Ukrayna münaqişəsini şəxsi təsir gücü və diplomatik yanaşma ilə həll edə biləcəyini demişdi. O iddia edirdi ki, Putini razı salmaqla müharibəni dayandırmaq mümkündür. Lakin zaman göstərdi ki, əksini deyənlərin fikri daha doğru imiş. Tramp Putini inandıra bilmədi, əksinə, onun hakimiyyətə gəlişindən sonra Ukraynada vəziyyət daha da gərginləşdi:

"Trampla müştərək çalışma nəticəsində Ukrayna müəyyən təşəbbüslər əldə etsə də, nəticə etibarilə bu təşəbbüslər istənilən uğuru gətirmədi. Bu müddətdə Tramp Ukraynaya göstərilən yardımları zəiflətdi və bəzi hallarda Rusiya tərəfini müdafiə edən mövqe sərgilədi. Nəticədə, nə Trampın təklifləri, nə də Ukraynanın tələbləri Putin tərəfindən qəbul edildi. Müharibə isə davam etdi. İndi Trampın "10 gün ərzində razılıq əldə olunmasa, idxal rüsumları tətbiq ediləcək" bəyanatına gəlincə, bu, Rusiyaya müəyyən təsirlər edə bilər. Lakin həmin təsirlərin Putini təslim olmağa məcbur edəcəyi inandırıcı görünmür".

Mübariz Göyüşlü: Tramp ziddiyyətli mesajları vəziyyətin aydınlığına kölgə salır

Onun sözlərinə görə, Hindistanın vasitəçilik səyləri və Ukraynadan Rusiya qoşunlarının çıxarılması ilə bağlı bəzi müzakirə mövzuları olsa da, Rusiya bu tələblərə ciddi yanaşmır və heç birini qəbul etmir. Atəşkəslə bağlı təkliflər Putinin hazırkı mövqeyinə görə hələlik real görünmür, çünki o, geri addım atmaq niyyətində deyil. Halbuki Rusiya tərəfi də ciddi itkilər verir və güc resursları tükənmək üzrədir:

"Trampın hazırkı davranışlarının ciddi nəticə verəcəyi də sual altındadır. Əgər o, dediklərini gerçəkləşdirsə, Ukraynaya hərbi yardımların artırılması və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi Putinə ciddi təzyiq yarada bilər. Ancaq bu təzyiqlərin Rusiyanı geri çəkilməyə məcbur edəcəyi hələ ki, real görünmür. Tramp həm ritorikası, həm də davranışları ilə ziddiyyətli mesajlar verir və bu da vəziyyətin aydınlığına kölgə salır".

Əli Hüseynov


SON XƏBƏRLƏR

30 Iyul 2025