“Yutub” aşağı keyfiyyətli və kütləvi şəkildə hazırlanan süni intellekt (AI) videolarına qarşı mübarizəni gücləndirib.
Bakıvaxtı.az xəbər verir ki, platforma “YouTube Partner Program” çərçivəsində monetizasiya siyasətinə dəyişiklik edərək “qeyri-orijinal məzmun” anlayışını konkretləşdirib.
Yeni qaydalara əsasən, şablon əsasında hazırlanan, bir-birini təkrarlayan, kütləvi şəkildə emal olunan videolar reklam gəliri əldə edə bilməyəcək.
Eyni zamanda, emosional manipulyasiya məqsədi daşıyan videolar və süni intellekt vasitəsilə yaradılmış virtual personajların sağlamlıq, maliyyə və hüquq kimi həssas mövzularda təqdim etdiyi məzmunlar da qazanc məhdudiyyəti ilə üzləşəcək.
Bununla belə, şirkət vurğulayıb ki, süni intellektdən istifadə edən bütün videolar kommersiya dəyərini itirməyəcək.
Orijinal ssenariyə, yaradıcı montaja və müəllif əlavələrinə malik AI dəstəkli videolar əvvəlki kimi gəlir əldə edə biləcək.
Şirkətin məqsədi platformada keyfiyyətli və yaradıcı məzmunu təşviq etmək, son dövrlərdə sürətlə artan “AI slop” adlandırılan aşağı səviyyəli süni intellekt videolarının yayılmasının qarşısını almaqdır.
Bakı 











