Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin yaxınlarının saxlanılması ilə bağlı yeni iddialar səsləndirilib.
Bakıvaxtı.az xəbər verir ki, Musavat.com-un yaydığı məlumata görə, uzun illər Məmməd Musayevin rəhbərlik etdiyi qurumlara hüquqi xidmət göstərmiş Elçin Nadirov dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı iddialar irəli sürüb.
Onun sözlərinə görə, kənd təsərrüfatının maliyyələşdirilməsi məqsədilə "Aqrarkredit" QSC-dən ayrılan 100 milyon manatdan artıq güzəştli kredit təyinatı üzrə istifadə edilməyib. Nadirov iddia edib ki, vəsaitlərin bir hissəsi müxtəlif şəxslərin adına rəsmiləşdirilərək sonradan başqa istiqamətlərə yönəndirilib, daşınmaz əmlak layihələrinə sərmayə qoyulub və bank əməliyyatlarında istifadə edilib.
Keçmiş hüquqşünas həmçinin Məmməd Musayevin "Turanbank" və "Azər-Türk Bank"ın fəaliyyəti, bank sektorundakı əlaqələri, qohumbazlıq və himayədarlıq mexanizmləri ilə bağlı da müxtəlif iddialar səsləndirib.
Xatırladaq ki, daha əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Məmməd Musayevin yaxın ətrafına daxil olduğu bildirilən bir neçə nəfər saxlanılıb. Məhkəmənin qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, yazıda yer alan ittiham və iddialar Musavat.com tərəfindən Elçin Nadirovun açıqlamalarına istinadən təqdim olunub. Rəsmi qurumların və adı çəkilən şəxslərin bu iddialarla bağlı mövqeyi açıqlanarsa, onu da dərc etməyə hazırıq.
Bakı 



