ABŞ ilə İran arasında son günlər intensivləşən diplomatik təmaslar Yaxın Şərqdə aylardır davam edən gərginliyin yeni mərhələyə keçə biləcəyinə dair ümidləri artırıb. ABŞ Prezidenti Donald Tramp danışıqların “çox yaxşı” getdiyini açıqlayıb və yaxın günlərdə irəliləyiş əldə oluna biləcəyini bildirib.
Danışıqların əsas mövzusu Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpası və tərəflər arasında gərginliyin azaldılmasıdır. Bununla belə, proses hələ yekun razılaşmadan uzaq görünür. İran tərəfi bildirir ki, Vaşinqton təzyiq və hədələr siyasətini davam etdirdiyi müddətdə hər hansı yekun sənəd imzalanmayacaq. Oman və Qətər vasitəçilik səylərini davam etdirsə də, tərəflər arasında xüsusilə təhlükəsizlik zəmanətləri, sanksiyalar və Hörmüz boğazının idarə olunması kimi məsələlərdə ciddi fikir ayrılıqları qalır.
Hazırkı danışıqların taleyi yalnız ABŞ və İran münasibətlərini deyil, bütövlükdə qlobal enerji bazarını da müəyyən edə bilər. Hörmüz boğazı dünya neft ticarətinin ən strateji marşrutlarından biridir və burada sabitliyin bərpası neft qiymətlərinə birbaşa təsir göstərir. Məhz buna görə danışıqlarla bağlı hər müsbət siqnal beynəlxalq bazarlarda nikbinlik yaradır, hər yeni insident isə qiymətlərin yenidən yüksəlməsinə səbəb olur.
Digər tərəfdən, diplomatik proses davam etsə də, bölgədə hərbi risk tam aradan qalxmayıb. İranın dəstəklədiyi husi qüvvələrinin Qırmızı dənizdə hücumları, ABŞ-nin bölgədəki hərbi mövcudluğu və İsrail amili vəziyyətin yenidən eskalasiya olunması ehtimalını saxlayır. Bu səbəbdən tərəflər masa arxasında danışsa da, eyni zamanda hərbi hazırlıq səviyyəsini də qoruyurlar.
Mövcud mənzərə göstərir ki, Vaşinqton da, Tehran da açıq müharibənin heç bir tərəfə üstünlük qazandırmadığını anlayır. ABŞ regionda sabitliyi və enerji marşrutlarının təhlükəsizliyini təmin etməyə çalışır, İran isə iqtisadi təzyiqi azaltmaq və beynəlxalq təcriddən çıxmaq istəyir. Bu ortaq maraqlar dialoqun davam etməsi üçün müəyyən zəmin yaratsa da, qarşılıqlı etimadsızlıq hələ də əsas maneə olaraq qalır.
Yaxın perspektivdə ən real ssenari tam sülh sazişindən daha çox mərhələli razılaşmaların əldə edilməsidir. Əgər Hörmüz boğazında gəmiçiliyin bərpası və gərginliyin azaldılması ilə bağlı ilkin razılıq əldə olunarsa, bu, daha geniş siyasi və təhlükəsizlik danışıqları üçün yeni imkan yarada bilər. Əks halda, danışıqların uğursuzluğu Yaxın Şərqdə yenidən hərbi qarşıdurma riskini artıracaq və bunun təsirləri təkcə regionla məhdudlaşmayaraq dünya iqtisadiyyatına da sirayət edəcək.
Alim Nəsirov
Bakı 


