Yanvar ayından bu günə qədər qeydə alınan avtotravmaların təxminən 6 faizi iki təkərli nəqliyyat vasitələri ilə bağlı olub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, 2026-cı ilin yanvar ayından bu günə qədər institutun təcili və planlı xidmətlərinə ümumilikdə 52 avtomobil qəzası ilə bağlı travma müraciəti daxil olub. Bu müraciətlərdən 3-ü moped, skuter və digər iki təkərli nəqliyyat vasitələri ilə bağlı travmalar olub.
Nizami Məmmədov bildirib ki, bu göstərici ümumi avtoqəzaların təxminən 5.8-6 faizini təşkil edir. Baş həkimin sözlərinə görə, faiz nisbəti baxımından bu göstərici az görünə bilər, lakin ümumi statistikada nəzərəçarpan risk qrupunu formalaşdırır və xüsusilə təhlükəsizlik qaydalarına əməl edilmədikdə ağır nəticələrə səbəb ola bilər.
Baş həkim vurğulayıb ki, iki təkərli nəqliyyat vasitələrinin sayının artması ilə bu tip travmaların da artacağı gözlənilir və profilaktik tədbirlərin gücləndirilməsi vacibdir.
Zeynəb Rzayeva
Bakı 




