“Belə bir sənədin qəbul olunmasının xüsusi önəmi, əhəmiyyəti var”.
Bunu deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamənin konsensusla qəbul edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda 4 minə yaxın Azərbaycan vətəndaşı itkin sayılır və onların aqibəti barədə Ermənistan heç bir dəqiq məlumat vermir:
"Azərbaycan 44 günlük Vətən müharibəsindən və anti-terror əməliyyatından sonra öz gücü və imkanları ilə itkin düşmüş hərbçilərimizin cəsədinin qalıqlarını tapır və şəxsiyyətini dəqiqləşdirdikdən sonra dəfn edilirlər. Şübhəsiz, itkin vətəndaşlar məsələsində Ermənistanın üzərinə böyük məsuliyyət düşür. İrəvan hökuməti müharibə zamanı itkin düşmüş azərbaycanlı mülki və hərbi vətəndaşlarımızla bağlı dəqiq məlumat verməyə borcludur. Heç bir məlumatın verilməməsi o deməkdir ki, Ermənistan müharibə cinayətlərini bu gün də davam etdirir”.
Deputat təəssüflə qeyd edib ki, dünya birliyi ümumən bu məsələyə laqeyd və biganə yanaşır:
“O baxımdan BMT-nin 3-cü Komitəsində "itkin düşmüş şəxslər"lə bağlı qətnamənin qəbulu kifayət qədər önəmli addımdır. 56 ölkənin də bu prosesə qoşulması Azərbaycanın uğuru kimi qiymətləndirilməlidir".
Parlament üzvü vurğulayıb ki, Ermənistan onun müharibə cinayətlərinin cəzasız qalacağını düşünməməlidir:
"Ermənilər törətdikləri bütün cinayətlərə görə mütləq cavab verəcəklər. Sadəcə bu, zaman məsələsidir. Bu gün xalqımıza qarşı cinayətlər törədənlərdən bəziləri Bakıda həbsxanada olduğu kimi digər cinayətkarlar da məsuliyyətə cəlb edilməlidir. Əks halda Ermənistan eyni cinayətləri törətməyə çalışacaq”.
Ceyhun Məmmədov: Azərbaycan mərhələli şəkildə öz hədəflərinə çatacaq
Müsahibimiz hesab edir ki, ona görə də BMT müstəvisində belə addımlar çox önəmlidir:
“Azərbaycan beynəlxalq müstəvidə fəal mübarizə aparır. Bu da onu göstərir ki, Azərbaycan mərhələli şəkildə öz hədəflərinə çatacaq".
Qeyd edək ki, BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb.
Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamə mətninin Komitədə təqdimatı zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Nərmin Ahəngari çıxışında “İtkin düşmüş şəxslər” adlı qətnamənin ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə qəbul edildiyini və qətnamənin hər iki ildən bir irəli sürüldüyünü xatırladıb. Ahəngari qətnamənin əsas məqsədinin silahlı münaqişələrin humanitar faciələrindən biri olan itkin düşmə hallarının qabaqlanması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət və riayətin vacibliyinə diqqətin cəlb edilməsi olduğunu vurğulayıb.
Diplomat mətndə əks olunmuş yeni bəndlər barədə üzv dövlətlərin nümayəndələrinə ətraflı məlumat verib. Ahəngari qeyd edib ki, bu ilki qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb. O qeyd edib ki, mətndə əlaqədar dövlətlərin insan qalıqlarının təhlükəsiz axtarışı üçün əməkdaşlıq etmək çağırışları öz əksini tapıb.
Qətnamədə eyni zamanda BMT Baş katibindən Baş Assambleyanın 81-ci sessiyasına (2026-cı il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunub.
Aydın Baxış