ABŞ-ın Florida ştatında son həftələrdə təsirli olan “İan” qasırğasından sonra “ətyeyən bakteriyalar” yoluxmasının kəskin artması ölkə səlahiyyətlilərini təşvişə salıb.
Bakıvaxtı.az xəbər verir ki, bu ayın əvvəlində ABŞ-ın Florida ştatını viran qoyan “İan” qasırğasının vurduğu ziyanı ödəməyə çalışan ABŞ rəsmiləri bölgədə yeni təhlükə ilə üz-üzə gəlib. Florida Səhiyyə Departamenti “Vibrio vulnificus” və ya “ətyeyən bakteriyalar” yoluxmalarının sayının 65-ə yüksəldiyini açıqlayıb. “İan” qasırğasından sonra bakteriya halları artdığından səhiyyə işçiləri sakinləri onları gözləyən böyük təhlükə barədə xəbərdarlıq ediblər. Xəbərdarlıqda bildirilir ki, qasırğadan sonra yaranan gölməçələr “Vibrio vulnificus” kimi yoluxucu xəstəliklər üçün böyük təhlükə mənbəyidir. Kanalizasiya sızması bu sularda bakteriya səviyyəsini artıra bilər. Bədənində açıq yaraları, cızıqları və kəsikləri olan insanlar bu sularla birbaşa təmasda olduqda “Vibrio vulnificus” bakteriyasına məruz qala bilərlər.
“Vibrio vulnificus” və ya “ətyeyən bakteriyalar” adətən duzlu sularda olur.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, bakteriyalar çiy və ya az bişmiş qabıqlı balıqları yedikdə və açıq yaraları olan insanlar birbaşa təmasda olduqda insan orqanizminə daxil olur. Xəstəlik inkişaf edərsə, insanlar qol və ayaq əzalarını itirə bilər.
Səhiyyə rəsmiləri bildirirlər ki, bakteriya orqanizmə daxil olarsa, hərarət, titrəmə, septik şok və dəridə qabarcıqlar kimi əlamətlərə səbəb ola bilər. İnsanların bu bakteriya ilə təmasda olduğu hallarda onlardan yara və kəsikləri sabun və təmiz su ilə təmizləmələri, yaranın suya davamlı sarğı ilə örtülməsi və yaxınlıqdakı tibb müəssisəsinə müraciət etmələri xahiş olunur.
Aytac Aslan

















