“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bakıvaxtı.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib.
Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 7 əlavə reys təyin edilib. Bu marşrut üzrə sürət qatarı 6-8 iyun tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, 17:00-da Ağstafadan Bakıya yola düşəcək. 9 iyun tarixində isə qatar saat 15:00-da Ağstafadan Bakıya hərəkət edəcək.
Bakı–Ağstafa–Bakı xətti üzrə hərəkət edən sürətli qatarlar bayram günlərində də hər gün hər iki istiqamətdə ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.
Bakı–Qəbələ–Bakı marşrutu üzrə 6 və 9 iyun tarixlərində 4 əlavə reys təyin edilib. Bu marşrutlar üzrə qatarlar həmin günlərdə hər iki istiqamətdə hərəkətdə olacaq. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.
Hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarları həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə hərəkət edir, o cümlədən 7 və 8 iyun tarixlərində eyni qaydada fəaliyyət göstərəcək.
Bayram günlərində Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayı artırılıb. Qatar hər gün saat 23:50-də Bakıdan Balakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin edilir.
Qurban bayramı ilə əlaqədar istirahət günü elan edilmiş 6, 7 və 9 iyun tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti həftənin şənbə gününün cədvəli əsasında təşkil ediləcək. 8 iyunda isə qatarlar ənənəvi bazar günü qrafiki ilə hərəkət edəcək.
Həmçinin ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.
Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərlər.