“Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini möhtərəm cənab Prezident tərəfindən elan edilmiş yaşıl enerji zonası prinsipləri əsasında həyata keçirir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Qələbənin ikinci ildönümü - Zəfər gününə həsr olunmuş konfransda kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.
Onun sözlərinə görə, Zəngilan rayonunun Ağalı kəndində inşa olunan ilk “Ağıllı kənd”in elektrik enerjisinə tələbatının ödənilməsi məqsədi ilə Həkəri çayı üzərində karbon emissiyası sertifikatına malik “Arximed” qurğusu quraşdırılıb. Nazir deyib ki, bu sistem Günəş enerjisi və digər alternativ enerjilərə nisbətən fasiləsiz işlədiyi üçün daha çox enerji əldə etməyə imkan verir.
İ.Kərimov qeyd edib ki, kənd ərazisində iqlim əsaslı “ağıllı kənd təsərrüfatı” modeli tətbiq olunur: "Bu model özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir".
Ramid İbrahimov
















