• Bakı 25° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Bu şəxslər borcları ilə bağlı müflis elan olunmaq üçün məhkəməyə müraciət edə bilər

CƏMİYYƏT

03 Iyun 2025 | 17:19

Bu şəxslər borcları ilə bağlı müflis elan olunmaq üçün məhkəməyə müraciət edə bilər

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə Bakıvaxtı.az-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, işin hallarına görə, fiziki şəxs kommersiya fəaliyyəti nəticəsində yaranmış borcları əsas götürərək məhkəməyə müflis elan olunmaq üçün müraciət edib. Ərizəçi fərdi sahibkar kimi qeydiyyata alınmayıb.

Birinci və apellyasiya instansiyası məhkəmələri ərizəçinin borc öhdəliklərini yerinə yetirmək qabiliyyətinin olmadığı barədə yetərli sübut təqdim etmədiyini əsas gətirərək ərizəni təmin etməyib. Bundan sonra ərizəçi Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə qəbul etdiyi qərarında qeyd edib ki, “Müflisləşmə və iflas haqqında” Qanunun qeyd olunan tələblərinə görə, məhkəməyə iflas haqqında ərizə ilə istənilən fiziki şəxs deyil, yalnız öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən sahibkar müraciət edə bilər.

Eyni zamanda, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 10-cu maddələri və Vergi Məcəlləsinin 13.2.37 və 33.3-cü maddələrində müəyyən olunur ki, fiziki şəxs sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirməsi üçün vergi orqanlarında qeydiyyatdan keçməli və VÖEN əldə etməlidir. Yalnız bundan sonra fiziki şəxs fərdi sahibkar statusunu əldə edir. Ərizəçi isə aktiv VÖEN-i mövcud deyil və özü də kommersiya fəaliyyətini qeydiyyata alınmadan həyata keçirdiyini bildirir. Bu hal onun fərdi sahibkar kimi hüquqi statusa malik olmadığını təsdiq edir. Belə olan halda, o, “Müflisləşmə və iflas haqqında” Qanunla müəyyən edilən subyektlər sırasına aid deyil. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsin isə “Müflisləşmə və iflas haqqında” Qanun çərçivəsində müflis elan edilməsi mümkün deyil. Bu qanun yalnız hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə şamil olunur.

Buna görə də ərizəyə mahiyyəti üzrə baxılmalı deyil. Çünki ərizəçi “Müflisləşmə və iflas haqqında” Qanunda nəzərdə tutulmuş subyektlərdən biri deyil. Bu səbəbdən iş üzrə məhkəmə icraatı qanuni əsaslara malik olmayıb və işə mahiyyəti üzrə baxılması prosessual normaların pozulması ilə nəticələnib. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, belə hallar olduqda məhkəmə iş üzrə icraata xitam verməlidir.

Yekunda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilib.


SON XƏBƏRLƏR

04 Iyun 2025