Baş Dövlət Yol Polisi İdarəsi Qazaxda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Araşdırma zamanı həmçinin məlum olub ki, sürücü Ramal Vəliyev il ərzində mütəmadi olaraq yol hərəkəti qayda pozuntularına yol verib ki, bu qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması ilə bağlı olub. Bu faktlar yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmanın sonda nə qədər ağır faciələrə səbəb olduğunu bir daha təsdiqləyir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına, xüsusilə sürət həddinə ciddi riayət etməyə çağırır. Unutmayaq ki, sükan arxasında edilən məsuliyyətsiz bir hərəkət yalnız sürücünün deyil, eyni zamanda sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyatını da təhlükə altına qoyur.
***
10:03
Qazax rayonunda 4 nəfərin ölümü ilə nəticələnən avtoqəza ilə bağlı cinayət işi başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti Gəncə Regional Qrupundan verilən məlumata görə, Qazax rayonu Abbasbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İlkin araşdırmalara əsasən, “BMW” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirmiş və avtomobil yol kənarındakı divara dəyib. Nəticədə nəqliyyat vasitəsində olan dörd nəfər - 28 yaşlı Ramal Vəliyev (sürücü), 25 yaşlı Zaur Əhmədov, 28 yaşlı Rafət Nəbiyev və 21 yaşlı Göyüş Nəbiyev hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Qəzanın başvermə səbəblərinin araşdırılması məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Araşdırmalar davam etdirilir.
***
09:09
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
08:49
Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.
Nəticədə avtomobildə olan 4 nəfər - rayonun Fərəhli kənd sakinləri - 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 1997-ci il təvəllüdlü Rafət Nəsibov, 2000-ci il təvəllüdlü Zaur Əhmədov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.