• Bakı 22° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Etiketdə ziddiyyət: Orijinalamı inanaq, tərcüməyəmi? - Alıcı çaşqınlıq içindədir

CƏMİYYƏT

05 Iyun 2025 | 10:19

Etiketdə ziddiyyət: Orijinalamı inanaq, tərcüməyəmi? - Alıcı çaşqınlıq içindədir

“Uşaq üçün makaron almışam. Tərcümədə yazılıb ki, qırmızı mərcidəndir və qlüten yoxdur. Amma ingilis dilində buğda yarmasından hazırlandığı, tərkibində qlüten olduğu yazılıb.

Bəlkə, mənim uşağımın buğdaya, qlütenə allergiyası var, bu tərcüməni oxuyub aldığım üçün kim cavabdehlik daşıyacaq?!”

Bakıvaxtı.az xəbər verir ki, bu, sosial şəbəkədə vətəndaşın etdiyi şikayətdir.

Təəssüf ki, bu kimi hallar tez-tez baş verir və istehlakçı hüquqları pozulur.

Bəs, maraqlıdır, belə olduqda vətəndaşlar nə etməlidir?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlarda və Nazirlər Kabinetinin 94 saylı qərarında açıq şəkildə qeyd edilir ki, ölkənin əmtəə bazarında satışa çıxarılan bütün məhsullar, o cümlədən ərzaq malları Azərbaycan dilində markalanmalıdır.

E.Hüseynov nəzərə çatdırıb ki, xarici dillərlə yanaşı, Azərbaycan dilində də məhsul haqqında məlumat mütləq şəkildə verilməlidir. Onun sözlərinə görə, bu məlumat istehsalçı tərəfindən təqdim edilən rəsmi məlumatlarla tam identik olmalıdır, yəni heç bir halda fərq olmamalıdır.

Eyyub Hüseynov: İstehlakçı hüquqlarını pozan şirkətləri ciddi cərimələr gözləyir

Müsahibimiz bu baxımdan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı nəzarət tədbirlərinin və araşdırmaların mühüm əhəmiyyət daşıdığını deyir. Ekspert söyləyib ki, agentlik yalnız etiketlərdəki tərcümələrə yox, həmçinin məhsulun tərkibi ilə etiket məlumatlarının uyğunluğuna da nəzarət edir, laborator analizlər aparır:

“Çox yaxşı bir cəhətdir, çoxsaylı mallar ifşa olunub. Mütləq bu kimi hallar baş verdikdə Qida Təhlükəsizliyi Agentliyinin 1003 telefon xətti ilə məlumat verilməli və mediada işıqlandırılmalıdır ki, bunun qarşısı alınsın. Əgər dövlət qurumları məsələyə müdaxilə edərsə, istehlakçı hüquqlarını pozan şirkətləri ciddi cərimələr gözləyir”.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq.

Qurumdan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülər AQTA-nın regional bölməsi tərəfindən nəzarətə götürülüb.

Nəzərə çatdırılıb ki, agentliyin mütəxəssisləri tərəfindən faktla bağlı müvafiq araşdırmalara başlanılıb.

“Qida məhsullarında hər hansı uyğunsuzluqla rastlaşan istehlakçılar Agentliyin 1003 qaynar xəttinə zəng vuraraq məlumat versinlər”,-deyə agentlikdən bildirilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR