Almaniya Silahlı Qüvvələrinin (Bundesver) baş inspektoru Karsten Breuer ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə 100 min əlavə ehtiyat əsgərə ehtiyac olduğunu açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o, “Welt am Sonntag” nəşrinə müsahibəsində hazırda Bundesverin şəxsi heyətinin təxminən 182 min nəfərdən ibarət olduğunu bildirib. Qeyd edib ki, buna baxmayaraq, Almaniya NATO qarşısında götürdüyü öhdəliklər və Şərq cinahında artan təhlükəsizlik çağırışları fonunda 200 min aktiv əsgər olmaqla ümumilikdə 460 min nəfərlik hərbi potensiala ehtiyac duyur. Beləliklə, təxminən 260 min nəfərdən ibarət ehtiyat qüvvənin formalaşdırılması zərurəti yaranıb.
General qeyd edib ki, ordu sıralarından son illər ərzində tərxis olunmuş 800 min keçmiş əsgər arasından 100 min nəfərin yenidən ehtiyat xidmətə cəlb olunması planlaşdırılır. Hazırda Bundesverin strukturunda 60 min nəfərlik daimi ehtiyat heyəti mövcuddur. Buna baxmayaraq, hələ də 100 min nəfərlik boşluq qalmaqdadır.
O, ehtiyat qüvvələrin əmək bazarında hazır formada mövcud olmadığını vurğulayaraq, bu problemin həllinin yalnız hərbi xidmətin tətbiqi ilə mümkün olduğunu qeyd edib. Baş inspektor bu xidmətin məcburi, yoxsa könüllü qaydada həyata keçiriləcəyinin tamamilə siyasi qərar olduğunu deyib.
Qeyd edək ki, Almaniyada ümumi hərbi xidmət 2011-ci ildə ləğv edilib. Lakin son illərdə Avropada təhlükəsizliyi təhdid edən ciddi hərbi-siyasi dəyişikliklər fonunda bu məsələnin yenidən gündəmə gətirilməsi ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub.