• Bakı 22° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Amerikalı general: “Ukrayna qalib gələ bilər” 

DÜNYA

25 Iyun 2025 | 17:23

Amerikalı general: “Ukrayna qalib gələ bilər” 

 NATO-nun Avropadakı Birləşmiş qüvvələrinin Ali Baş Komandanı və ABŞ-nin Avropa Komandanlığının rəhbəri vəzifəsinə yenicə təyin edilmiş general-leytenant Aleksus Qrinkeviç Ukraynanın Rusiyanı məğlubiyyətə uğrada biləcəyini istisna etməyib.

Bakıvaxtı.az AzVision.az-a stinadən xəbər verir ki, amerikalı hərbi komandir Aleksus Qrinkeviç ABŞ Senatında dinləmələr zamanı senator Tommi Tabervilin Moskva ilə Kiyev arasında silahlı qarşıdurmanın perspektivləri ilə bağlı sualını cavablandırarkən Kiyevin mümkün qələbəsindən danışıb.

“Məncə, Ukrayna qalib gələ bilər. Ukraynalılar öz ölkələrini müdafiə etmək üçün inanılmaz iş görüblər, Rusiyanı böyük xərclər bahasına kiçik qazanclar götürməyə məcbur ediblər. Düşünürəm ki, ABŞ Ukraynaya yardımı davam etdirməlidir”, - amerikalı general vurğulayıb.

Bununla belə, Aleksus Qrinkeviç nüvə dövləti olan Rusiya üzərində Kiyevin necə qalib gələ biləcəyi və ABŞ dəstəyinin necə təsəvvür etdiyi – yəni Vaşinqtonun nə qədər maliyyə, silah və hərbi texnika, döyüş sursatı və digər maddi resurslar ayırmalı olduğu barədə fikirlərini açıqlamayıb.

Qrinkeviç Senatda çıxışında Rusiya donanmasının hələ də Qara və Xəzər dənizlərində üstünlük təşkil etdiyinə diqqət çəkərək, Moskvanın müasir sualtı döyüş texnologiyalarına, o cümlədən infrastrukturun məhv edilməsi vasitələrinə fəal şəkildə sərmayə qoyduğunu vurğulayıb.

O, həmçinin, Şimali Atlantika Alyansının nüvə doktrinasına yenidən baxmasının vacibliyini də qeyd edib.

- Rusiyanın nüvə doktrinasına edilən son dəyişikliklər nüvə silahından istifadə həddinin aşağı endiyi düşüncəsini artırır. Bu dəyişikliklər daha geniş nüvə inkişaf sxemi və Rusiyanın ritorikası ilə birləşərək, öz mövqeyimizi yenidən qiymətləndirmək üçün əsas verir”, - Aleksus Qrinkeviç deyib.

Generalın fikrincə, ABŞ və onun NATO müttəfiqləri sursat istehsalını xeyli genişləndirməlidir. Bu kontekstdə, o, PUA-ların Avropa ölkələrinə və bütövlükdə alyansa qarşı döyüş istifadəsi təhlükəsinə də diqqət çəkərək, bunu NATO üçün yeni təhlükə adlandırıb.

Qrinkeviç vurğulayıb ki, həm İranda, həm də Ukraynadakı münaqişə zamanı hərbi hədəflərə uğurlu dron hücumları həm əks-PUA imkanlarının, həm də NATO-nun hücum texnologiyalarının inkişafına təcili sərmayə qoyulmasına ehtiyac olduğunu göstərir.

Çıxışında husiləri də yaddan çıxarmayan amerikalı general-leytenant onların ABŞ üçün hələ də problem olaraq qalacağını düşündüyünü deyib.


SON XƏBƏRLƏR