Xəbər verdiyimiz kimi, növbəti aydan etibarən Azərbaycan dilində markalanması olmayan məhsulların Azərbaycana idxal olunmasının qarşısı alınacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununun 13-cü maddəsinə əsasən, məhsulun etiketində olan bütün məlumatlar, o cümlədən məhsulun adı, ondan istifadə üsulunu göstərən əlavə digər dillərdə olduğu kimi, həm də Azərbaycan dilində təqdim edilməlidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında Azərbaycan dilində məlumatlar olmadıqda həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcəyini bildirmişdi: “Bir sıra məhsullar var ki, idxal zamanı onların üzərində Azərbaycan dilində məlumatlar olmur, Azərbaycan istehlakçıları həmin məhsulların tərkibi, istehsal tarixi, saxlanma müddəti, eyni zamanda məhsulun xüsusiyyətləri bardə məlumatları əldə edə bilmirlər. Buna görə Azərbaycan ərazisinə idxal olunan məhsulların üzərində Azərbaycan dilində məlumatlar olmalıdır, əks halda idxalına və dövriyyəsinə icazə verilməyəcək"
Bəs bu qadağa nələri dəyişəcək?
Bakıvaxtı.az xəbər verir ki, texnobloqer Fərid Pərdəşünas mövzu ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, gələn aydan etiket məhsulları Azərbaycan dilində olmayan məhsulların idxalına qadağa başlayacaq: “Qida Təhlükəsizliyi Agentliyi hələ ötən ay bu barədə məlumat yayıb. Bir neçə ay bundan əvvəl market rəflərində rus dilində olan etiketlərdən şikayət edən paylaşım edəndə az qala rus dili müdafiəçiləri gözümü çıxarırdı ki, "yox, bizim bazar balacadı, ay elədi, ay belədi, get rus dili öyrən və s və s". Qeyd etdiyim kimi bizim qanunvericilik bunu, onsuz da, tələb edirdi. İndi icrasına nəzarət başlanır. Çox gözəl, çox əla”.
İqtisadçı ekspert Natiq Cəfərlinin Bakıvaxtı.az-a dediyinə görə, bu qanun çoxdan olsa da, çox güman ki, indi tədbiqi sərtləşəcək: “Daha çox sərt nəzarətm mexanizmləri həyata keçiriləcək. Qanunda yazılıbsa, təbii ki, ölkə istehsalçıları məhsul haqqında məlumatı Azərbaycan dilində almalıdırlar. Amma bu tipli qanunlar istər-istəməz mal və məhsulların maya dəyərini artırır. Həmin o qanuna uyğun şəkildə məhsulların bazara çıxarılması üçün idxalçı şirkətlər xüsusi tərcümə olunmuş məlumatları çap etməli, məhsulun üzərinə yerləşdirməlidir”.
Ekspertin sözlərinə görə, həmçinin, istehsalçı ilə dəyişib əvvəlcədən bu addımı atmaq olar: “Bunlar hamısı əlavə xərclərdir. Yəni, qanunun bu hissəsi sərtləşdikcə, əlavə xərclər artdıqca istər-istəməz mal və məhsulların qiymətinə cuzi də olsa təsir göstərəcək. Zatən ölkədə qiymət artımı çox sürətlə gedir, indi əlavə xərclər mal və məhsulun üzərində olunacaq. Cüzi qiymət artımına səbəb ola biləcək bir addımdır”.
Aytac Aslan






jpeg-1671611071.webp)






jpg-1671608877.webp)


