Fövqəladə Hallar Nazirliyi (FHN) Astara rayonunda baş verən yanğın hadisəsi ilə bağlı daha bir məlumat yayıb.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.
Məlumata görə, dekabrın 20-də səhər saatlarında Astara rayonunun Diqo kəndi yaxınlığında Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə məxsus ərazidə baş vermiş yanğın söndürülüb.
İlkin məlumata əsasən, yanğın nəticəsində təqribən 18 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlərin birgə səyi ilə yanğının genişlənərək meşə ərazisinə keçməsinin qarşısı alınıb.
***
09:05
Astarada meşə yanğınları başlayıb.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, Diqo kəndi yaxınlığında dağ-meşə ərazisi yanır.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Astara rayonunun Diqo kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, qeyd olunan ərazidə təqribən 20 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.
Əlavə məlumat veriləcək.
















