Avtomobil qəzaları zamanı ən çox rast gəlinən xəsarətlər boyun travmalarıdır, ağır hallarda isə baş-boyun və döş qəfəsi zədələnmələri müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, avtomobil qəzaları ani başlasa da, nəticələri uzunmüddətli müalicə və reabilitasiya tələb edən, bəzi hallarda isə əlilliyə səbəb olan travmalara yol açır. Nəqliyyat vasitələrinin sürətinin artması və insan sıxlığının çoxalması bu tip travmaların sayını ildən-ilə artırır.
Nizami Məmmədov bildirib ki, avtomobil qəzalarında ən çox rastlanan xəsarətlər boyun nahiyəsi ilə bağlıdır. Qəza zamanı başın qəfil önə və arxaya hərəkəti boyun əzələlərinin gərilməsi ilə yanaşı, daha ciddi boyun travmalarına səbəb ola bilər. Statistikaya görə, avtomobil qəzaları zamanı yaranan travmaların təxminən 20-40 faizi boyun zədələnmələrinin payına düşür.
Həkim bildirib ki, ikinci sırada baş-boyun və üz nahiyəsinin zədələnmələri gəlir. Sürət həddinin aşılması nəticəsində başın ön şüşəyə və ya avtomobilin digər hissələrinə dəyməsi, eləcə də baş-boyun silkələnməsi ağır kəllə-beyin travmalarına yol aça bilər.
Bundan əlavə, qəzalar zamanı döş qəfəsi, diz və çanaq nahiyəsi də tez-tez zədələnir. Xüsusilə yaşlı şəxslərdə döş qəfəsi və qabırğa sınıqları daha çox qeydə alınır. Ümumilikdə isə avtomobil qəzalarında travmalar müəyyən ardıcıllıqla baş versə də, ən geniş yayılmış xəsarətlər boyun travmaları olaraq qalır.
Zeynəb Rzayeva
Bakı 




