Abşeron yarımadasında Bakı, Xırdalan və Sumqayıt ərazilərində su qıtlığı yaşanır. Əhali içməli suyla fasilələrlə təmin olunur.
Gəzən söz-səhbətlərə görə, bütün bunlar içməli suyun bahalaşmasıyla nəticələnə bilər.
Məsələylə bağlı Bakıvaxtı.az-ın sorğusunu cavablandıran “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da bəzi ərazilərdə içməli suyun fasilələrlə verilməsini təsdiqləyib. Bildirib ki, vaxtilə 24 saat su alan bəzi ərazilərə indi 14, 16, 18 saat su verirlir: “14 saat su alan ərazilərin bəzi hissələrində 8, bəzilərində isə 10 saat su verməyə çalışırıq”.
Sudan istifadə haqlarının artacağı barədə deyilənlərə gəlincə, Anar Cəbrayıllı bu məsələnin hələ ki gündəmdə olmadığını vurğulayıb. O, “Azərsu2 ASC-nin bununla bağlı Tarif Şurasına müraciət etmədiyini deyib.
Qeyd edək ki, Azərbaycanda suyun qiyməti sonuncu dəfə 2021-ci ildə qalxıb. Həmin ilin yanvarında Tarif (qiymət) Şurasının iclasında “Azərsu” ASC-nin təklifi əsasında əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılıb.
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması üçün bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.
Aytac Aslan







jpg-1680345071.webp)








