Xəbər verdiyimiz kimi, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 97 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi döyülüb.
Baş verənləri Bakıvaxtı.az-a danışan məktəbin ibtidai sinif müəllimi Dilarə Seyidova qeyd edib ki, hadisə bu gün olub. Dediyinə görə, məktəbin nəzarətçisi iki qadının onu görmək istəyini bildirib:
“24-25 yaşında iki qadın, yanlarında bir gənc qız gəlmişdilər. Hadisəni danışdılar. Məlum oldu ki, məktəbimizin şagirdləri V. və E.-nin ilin əvvəlində münasibəti olub. Sonra oğlan ailəsinin və özünün istəyi ilə qızdan ayrılıb. E. isə bunu həzm edə bilməyib. Oğlanın bacılarının dediyinə görə, qız qardaşlarını narahat edib.
Mənim yanımdan gedəndən sonra oğlanın bacıları qızla rastlaşıblar. Bu zaman E. bacılardan birinə sillə vurub və bundan sonra o biri bacılar da məsələyə qarışıblar. Münaqişə yaranıb”, - deyə D.Seyidova bildirib..
Məktəb baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:
“Polis məsələni nəzarətə götürüb. Valideynlər bölməyə çağırılıb”.
Günəş Mərd
***
14:00
Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 97 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi döyülüb.
Bakıvaxtı.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə bu gün baş verib.
Məlumata görə, oğlan və qız sevgili olublar. Oğlanın bacıları isə qıza onun başqa sevgilisinin olduğunu deyərək, qardaşlarından uzaq durmağı tələb ediblər. Mübahisə baş verib və bacılar qızı döyüblər.
Bacıların özləri ilə oğlanın digər sevgilisini də gətirdikləri deyilir.
Onlar şagirdə bildiriblər ki, onu dərsləri bitəndən sonra “başa salacaqlar”.
Məktəb direktorunun təhsil ocağında olmadığı, şagirdlərlə maraqlanmadığı bildirilir.
Hadisə yerinə polis əməkdaşları gəliblər.
















