• Bakı 19° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycanda tarixən qadınlara hörmətlə yanaşılıb

LAYİHƏ

26 Yanvar 2024 | 11:24

Azərbaycanda tarixən qadınlara hörmətlə yanaşılıb

6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlərindən biridir. Problemin ciddi xarakter alması cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır. Ümumiləşdirilmiş şəkildə gender anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir.

Gender probleminin həlli məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və səmərəli fəaliyyəti nəticəsində ölkədə bu problem aradan qalxıb.

Ölkəmiz 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında kişi və qadınlara bərabər hüquq və imkanların təmin edilməsi bu istiqamətdə atılmış ən böyük addımlardan biridir. Kişi və qadınları siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın digər sahələrində bərabər imkanlarla təmin edən, gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılmasının vacibliyini özündə əks etdirən “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanun 2006-cı il oktyabrın 10-da Azərbaycan Prezidenti tərəfindən imzalanıb.

Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli qərarı ilə qəbul edilən “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı” ölkədə gender əsaslı zorakılıqla mübarizəyə zəmin yaradan əsas sənədlərdəndir.

2010-cu ildə Milli Məclisdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib. 2011-ci ilin may ayında gender siyasətinin təhlili və həyata keçirilməsi üçün müvafiq icraedici orqanlar, digər dövlət strukturları və vətəndaşlar arasında əlaqələndirmənin və qanunvericilikdə nəzərdə tutulmuş gender bərabərliyinin təmin edilməsi monitorinqi məqsədilə Milli Məclis Aparatı rəhbərinin xidmətində Gender məsələləri sektoru yaradılıb.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Bakıvaxtı.az-a bildirilib ki, uşaq və qadınlarla bağlı mövzular hazırda mediada diqqət çəkən mövzulardandır:

Təəssüf ki, müasir mediada, əsasən də sarı mətbuatda neqativ, kriminal xarakterli informasiya axını çoxalıb.

Son zamanlar məişət zorakılığına, cinsi zorakılığa məruz qalan, adı cinayətdə hallanan uşaq və qadınlarla bağlı xəbərlərdə onların şəxsi kimliklərinin, lazım olmayan məlumatların, kiçik detalların açıqlandığının şahidi oluruq. Cinayət hadisəsinin işıqlandırılmasında jurnalistlər auditoriyanın diqqətini cəlb etmək, reytinq qazanmaq xatirinə hadisəni bütün təfərrüatları ilə təqdim edirlər”.

Bildirilib ki, bəzən isə mediada yayımlanan materiallarda, qoyulan başlıqlarda cinsi ayrı-seçkilik hiss olunur:

“Misal üçün, “Qadın cinayətkar”, “Qadın sürücü”, “Qadın işçi” kimi başlıqlarla qarşılaşırıq. Belə sərlövhələr reytinq toplasa da cins seçiminə səbəb olur, gender bərabərliyi baxımından yanlış təsəvvür formalaşdırır. Son xəbərlərin səbəb olduğu fikir ayrılığı da təsdiq edir ki, cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi və ayrı-seçkiliyin aradan qaldırılmasında KİV-lərin rolu böyükdür.

 Media təmsilçilərinin, jurnalistlərin uşaq və qadın hüquqlarını, onlarla bağlı məlumatların işıqlandırılması, eləcə də cinayətlə bağlı məlumatların yayılması qaydalarını, o cümlədən gender bərabərliyi prinsipinin mahiyyətini tam dərk edərək, onun cəmiyyətə verəcəyi faydanı bilərək fəaliyyət göstərmələri düzgün məlumatlandırmaya, cəmiyyətdəki cinslərarası bərabərsizliyin aradan qaldırılmasına, mənfi stereotiplərin aradan çıxmasına yol aça bilər”.

Bir çox beynəlxalq, eləcə də milli etik kodekslərdə, məhkəmə və cinayətlə bağlı məcəllələrdə bu qaydalar haqqında ayrıca maddələr var. Eyni zamanda KİV-in heç bir halda oxucunun həm cinayətkarı, həm də onun qurbanını müəyyən edə biləcəyi məlumatları dərc etməməli olduğu da qeyd edilir. Buna misal olaraq, Avropa İttifaqının, UNİCEF-in jurnalistlər üçün tövsiyələrini qeyd etmək olar. Eləcə də “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə diqqət etsək, orada informasiyanın və mənbəyinin açıqlanması qoyulan məhdudiyyətlər sadalanır.

Maddə 15. İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar

15.1. Media subyekti və jurnalist tərəfindən aşağıdakılara yol verilmir:

15.1.1. şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına;

15.1.2. məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına;

15.1.3. təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına;

15.1.4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına;

15.1.5. yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına;

15.1.6. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına;

15.1.7. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına.

Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının 3-cü bəndində də xüsusi, eləcə də bədbəxt və cinayət hadisələri ilə bağlı materialların işıqlandırılması qaydaları qeyd edilib.

“3.6. Bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Bu, yalnız xüsusi məqamlarda və zərərçəkənin ictimai fiqur olduğu hallarda mümkündür. Əgər cinayəti yeniyetmələr və ya uşaqlar (18 yaşı tamam olmamış şəxslər) törədibsə, bu zaman da cinayətkarın adını açıqlamaqdan və şəklini yaymaqdan çəkinmək lazımdır...

3.9. Jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, onların hüquqlarına hörmətlə yanaşmalı və onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideyinlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir. Daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır.

3.10. Cinayət əməli törətməsi ilə bağlı şəxsə qarşı ittiham irəli sürülmüşsə, bu mövzuda məhkəmənin obyektivliyinə təsir göstərəcək reportajlar hazırlanmamalı, hazırlanan reportajlarda isə bütün tərəflərin fikirləri əks olunmalıdır. Cinayət əməllərinin qurbanları öz kimliklərinin açıqlanmasına razı olmadıqda jurnalist belə şəxslərin kimliyinə həssaslıqla yanaşmalıdır. Seksual təcavüzlə bağlı hallarda bu qaydaya xüsusi əhəmiyyət verilməlidir. Şahidlər öz kimliklərinin açıqlanmasına razı olmadıqda jurnalist, ictimai əhəmiyyət daşımırsa belə şəxslərin kimliyinə həssaslıqla yanaşmalıdır.

3.11. Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir. Jurnalist zorakılığı təşviq edən, təhrik etməyə səy göstərən və ya belə hallara əl atan şəxslər tərəfindən vasitə kimi istifadə olunmamalı, əksinə, öz reportajlarında belə şəxslərin fəaliyyəti barədə müvafiq məhdudiyyətləri tətbiq etməli və yalnız müvafiq informasiyanın ictimai əhəmiyyət kəsb etməsi şübhə doğurmadıqda bu barədə reportajlar hazırlamalıdır.

Eyni zamanda Etik Qaydaların 4-cü bəndində bütünlüklə gender bərabərliyi prinsipindən danışılır”.

Məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, uşaqlarla bağlı materialların yayımlanması zamanı onların hüquqlarının qorunmasına töhfə vermək, eləcə də zorakılığı dəstəkləyən çıxışların, media paylaşımlarının sayını minimuma endirmək, zorakılığın istənilən təzahürünə qarşı çıxan mədəniyyəti formalaşdırmaq və gücləndirmək məqsədilə media ilə mütəmadi qarşılıqlı əməkdaşlıq qurulur, təlimlər, görüşlər keçirilir:

“Bundan əlavə, media nümayəndələri üçün yuxarıda sadalanan məqamları özündə əks etdirən “Qadın və uşaq mövzularının mediada işıqlandırılması prinsipləri” adlı tövsiyələr hazırlanaraq çap edilib. Tövsiyələrdə mediada gender bərabərliyi mövzusu ayrıca incələndiyi kimi, məişət zorakılğına məruz qalanların mediada təqdim edilmə qaydaları da göstərilir. Misal üçün, kitabçada qeyd edilir: “Məlumatda zorakılıq qurbanının kimliyini, görüntüsünü gizli saxlayın, hekayəsini anonim paylaşın, hüquqlarına hörmət edin. Bəzən istəmədən hansısa təfərrüatın bilinməsi onu təhlükəyə ata bilər. Şəklinin çəkilməsinə, adının açıqlanmasına icazə versə belə, mümkün təhükələrlə bağlı onu məlumatlandırın. Hadisənin detallarını açıqlamayın: məhkəmə qərarı verilənədək zorakılıq qurbanının, eləcə də ad, soyaq, yaşayış ünvanı, siması açıqlanmamalıdır”.

Kitabçada uşaqlarla bağlı məlumatların da işıqlandırılması prinsipləri əks olunub. Kiçik bir çıxarış:

“Aşağıdakı hallarda hər zaman 18 yaşdan kiçik hər kəsin adını dəyişdirin və görüntüsünü gizlədin:

Uşağın özü, valideyni/himayədarı buna icazə vermirsə;

Seksual zorakılıq və sui-istifadə qurbanıdırsa;

Fiziki və seksual zorakılıqda günahlandırılırsa;

HİV-ə yoluxmuş və QİÇS xəstəsidirsə;

Cinayətdə şübhəli bilinir və ya günahlandırılırsa.

Cəmiyyətdə mənfi qarşılanacaq antisosiyal hərəkət və davranışı varsa”.

Ümid edirik ki, bu sahədə sözügedən fəaliyyət, hazırlanan tövsiyələr media nümayəndələrini məlumat hazırlayarkən uşaqların və qadınların hüququqlarını nəzərə almağa, problemlərinə həssas yanaşmağa, mənafeyini qorumağa, ayrı-seçkilik və stereotiplərlə mübarizəyə yönələn təşəbbüslərə dəstək verməyə, gender bərabərliyini təşviq etməyə köməkçi olacaq”.

Üzeyir Şəfiyev: Azərbaycanda qadınların mənafelərinin qorunması üçün mediada mütəmadi olaraq işlər görülüb

Sosiloq Üzeyir Şəfiyev Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda irqindən, cinsindən, milliyyətindən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquqa malikdirlər:

“Amma çox əfsuslar olsun ki, bəzi feminist dalğadan təsirlənən xanımlar ölkəmizdə gender bərabərliyinin pozulduğunu iddia edirlər. Bu absurddur.

Gəlin praktikaya baxaq: Azərbaycan Avropadan da öncə qadına seçki hüququ tanıyan bir ölkə olub. Azərbaycanda qadınlar ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Hətta ölkəmizdə 634 iş sahəsində (Məsələn, radiasiya, metallurgiya) qadınların sağlamlığı, səhhəti nəzərə alınaraq işləməsi üçün qadağan idi. Keçən il, 2023-cü ildə Nazirlər Kabineti bu qaydaya da yeni yanaşma tətbiq etdi. Həmin 634 iş yerinin sayı 204-ə endirildi. Çünki İKT-nin inkişafı fonunda qadınlar bu sahələrdə İKT imkanlarından istifadə edərək işlərini görə bilərdilər”.

Onun sözlərinə görə, ölkəmizdə təhsil, səhiyyə sahələrində 70 faiz qadınlar təmsil olunur: “Parlamentin spikeri xanımdır. Digər icra strukturlarında da eyni halı müşahidə edə bilərik. Azərbaycanda qadınların hüquqlarının qorunması üçün müxtəlif qurumlar, qadınlara qarşı bütün ayrıseçkiliyin ləğv olunması ilə bağlı qanunvericilik bazası fəaliyyət göstərir. Praktik olaraq qadınlar bütün ictimai-siyasi həyata cəlb olunur. Dövlət idarəetmə, qərar qəbuletmə sisteminə qadınlar cəlb olunur”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanda təkcə müstəqillik dövründə deyil, tarixən qadınlara hörmətlə yanaşılıb. Hətta orta əsrlər dövründə qadın və kişi ictimai-siyasi həyatda bərabər iştirak edib. Qadın kişinin silahdaşı olub. Dini mənəvi baxımdan da qadına qarşı böyük bir dəyər var:

“Azərbaycanda eposlara baxsaq, orada da qadına qarşı böyük diqqəti görə bilərik. Sadəcə olaraq Qərbdən gələn feminist dalğa Azərbaycana qarşı hansısa qarayaxma kampaniyası aparmaq istəyir. Guya Azərbaycanda gender bərabərliyi yoxdur”.

Sosioloq bildirib ki, Azərbaycanda qadınların mənafelərinin qorunması üçün mediada mütəmadi olaraq işlər görülüb:

“Bu gün biz cəmiyyət olaraq qadınların erkən nikaha cəlb olunmasına qarşı çıxırıq. Əfsuslar olsun ki, mübarizə aparsaq da, erkən nikahdan əziyyət çəkən qızlarımız var. Ötən ilki statistikaya baxsaq görərik ki, 2000-dən çox uşaq məhz 17 yaşına qədər olan qızlar tərəfindən dünyaya gətirilib. Bu aktual məsələdir. Buna qarşı mübarizə aparmalıyıq. 2011-ci ildə nikah yaşının 17 olması ləğv olundu. O vaxtdan erkən nigaha cəlb olunanların sayında ciddi azalma oldu. Qadınlarıın təhsil alması, maarifləndirilməsi, onların peşə ixtisası üzrə işləmək məsələsini diqqətdə saxlamalıyıq.

Son illlər Azərbaycanda qadın jurnalistlərin sayı da artıb. Ölkəmizdə qadınlar istədiyi peşəni rahat şəkildə seçə bilir. Artıq qadınlar üçün qadağa olan bir sahə yoxdur.

Amma ölkəmizdə bəzi telekanallar feminist layihələrin diktəsi ilə gender probleminin olması fikrini yayır.

Azərbaycanda qadın-kişi ayrıseçkiliyi yoxdur. Əvvəl cəmiyyətimizdə bəzi stereotiplər var idi. Qızları ancaq bəlli sahələrə - toxuculuq, müəllimlik kimi – yönəldirdilər. Çağdaş dövrümüzdə isə qadınların fəaliyyət sahələri artıb. İctimai-siyasi ekspert qadınların sayı da son illərdə artıb. Artıq yeni bir düzəni olan cəmiyyətdə yaşayırıq. Azərbaycanda gender problemindən daha çox qıza, qadına həssas yanaşma var. Bu da mental dəyərlərimizlə bağlıdır”.

Üzeyir Şəfiyev qeyd edib ki, təhsilin miqyası yeni dövrdə genişlənib və indi Azərbaycan kişisi də, qadını da eyni əsasla təhsil alır:

“Hətta xaricə gedən tələbələrin böyük qismi qızlardır. Əvvəl belə deyildi. Köhnə sterotiplər artıq sıradan çıxır.

Düzdür, rayonlarımızda hələ də köhnə sterotiplərlə yaşayanlar var. Yuxarı siniflərdə qız uşaqlarını təhsildən yayındırırlar. Onları bəzən nikah yaşına çatmadan nişanlayırlar, ailə qurmağa təhrik edirlər. Bunlarla bağlı mətbuatda da məlumat verilir. Erkən nikaha cəlb olunan qızların valideynləri hüquqi məsuliyyət daşıyır. Yaxın keçmişdə də bir neçə belə halla qarşılaşdıq. Media zamanında işıqlandırdı və qarşısı alındı.

Hələ də köhnə düşüncələr ilə yaşayan valideynlər var. Bunu inkar edə bilmərik. Onlar uşaqlarının gələcəyini əllərindən alırlar. Bu cür uşaqlar sonradan çətin həyat yaşayırlar”.

Onun sözlərinə görə, belə hallara qarşı dövlət səviyyəsində KİV vasitəsilə, QHT-lərlə birgə mübarizə aparılr:

“Burada həm də ailələrlə iş görmək lazımdır. Qızları və oğlanları zamanın tələblərinə uyğun yetişdirməliyik. Onlar əmək bazarında özlərinə yer tutduqdan sonra şəxsi həyat qurmalıdırlar”.

Günəş Mərd

Yazı Media İnkişafAgentliyininmaliyyə dəstəyiilə hazırlanıb


SON XƏBƏRLƏR

27 Aprel 2024