Xəbər verdiyimiz kimi, Azərbaycan NATO-nun sammitində iştirak edib. Sammitdən sonra Rusiya rəsmiləri, media daha çox Ermənsitana yüklənsə də, Azərbaycanın NATO sammitində iştirakı da dolayı yolla tənqid olundu.
Hətta bəzi ekspertlər bu addımın Bakı-Moskva münasibətlərinə mənfi təsir göstərəcəyini iddia etdilər.
Həqiqətən, Azərbaycanın NATO sammitində iştirakı Rusiyanı ciddi narahat edən amil hesab olunurmu?
Politoloq Əhəd Məmmədli Bakıvaxtı.az-a deyib ki, Rusiyanın Cənubi Qafqaz ölkələrinin Qərblə, ələlxüsus NATO ilə əməkdaşlığa hər zaman qısqanclıqla yanaşdığı sirr deyil”.
Analitik bildirib ki, Rusiya vaxtı ilə öz arbitrində olmuş dövlətlərin Qərbə meyillənməsində, onların tədbirlərinə qatılmaqla münasibətləri dərinləşdirməsinə mənfi reaksiya verir:
"Moskva düşünür ki, Cənubi Qafqaz ölkələrinin və Rusiya ətrafındakı digər dövlətlərin Qərbə yaxınlaşması Kremlə qarşıdır, onun əleyhinədir. Xüsusən, Qərb-Rusiya qarşıdurmasının davam etdiyi indiki məqamda bölgə dövlətlərinin ABŞ və Avropa Birliyi ilə əməkdaşlığı Rusiyada qıcıq doğurur. Rusiya Ermənistanın bu addımını daha çox tənqid edir. Çünki 2020-ci ildən, yəni 44 günlük müharibəsindən sonra Ermənistan öz məğlubiyyətinə görə Rusiyanı birmənalı günahlandırmağa, bütün suçu Moskvanın üzərinə atmağa başladı. Ona görə də ötən dövr ərzində münasibətlər getdikcə gərginləşdi. Azərbaycan isə əksinə son 30 il ərzində Rusiya ilə ən yaxın münasibətlərini formalaşdırdı. Amma istər-istəməz bəzi məqamlara görə Bakı da Rusiyadakı bəzi dairələrin tənqidinə məruz qalır. Lakin düşünmürəm ki, Azərbaycanın NATO sammitində iştirakı Moskva-Bakı münasibətlərində hansısa soyuqluq, gərginlik yaradacaq".

Əhəd Məmmədli: Moskva düşünür ki, Rusiya ətrafındakı dövlətlərin Qərbə yaxınlaşması Kremlə qarşıdır
Ekspert vurğulayıb ki, Bakının bu addımdan öncə Moskvanı məlumatlandırması ehtimalı da var:
"Ola bilsin, Azərbaycan tərəfi Rusiyanı əmin edib ki, heç bir narahatlığa əsas yoxdur və NATO ilə əməkdaşlıq Moskvaya qarşı addım kimi dəyərləndirilməməlidir. Görünür, Kreml də bunun fərqindədir. Səhv etmirəmsə, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dilindən səsləndi ki, Azərbaycan bu məsələlərlə bağlı Moskvaya təminat verib. O səbəbdən Rusiya-Azərbaycan əlaqələrində mənfiyə doğru dəyişiklik ehtimalı zəifdir”.
“Yenə deyirəm, hazırda açıq-aşkar formada Qərbə istiqamətlənən və bu yöndə addımlar atan İrəvan hökuməti Moskvanı daha çox narahat etməkdədir", - deyə Əhəd Məmmədli vurğulayıb.
Aydın Baxış
















