Rusiyanın Nijnevartovsk şəhərinin Anastasiya adlı sakini Azərbaycanəsilli keçmiş həyat yoldaşı tərəfindən təqibə məruz qaldığını bildirib.
Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qadın bu barədə “Nijnevartovsk. Proisşestviya” teleqram kanalına danışıb.
Onun sözlərinə görə, artıq 6 aydır ki, Mahir adlı həmin şəxsin davranışlarından əziyyət çəkir. O bildirib ki, həmyerlimiz dəfələrlə onu və ailə üzvlərini təhdid edib.
Anastasiya qeyd edib ki, keçmiş həyat yoldaşı ilə bağlı 10 şikayət yazsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları onu məsuliyyətə cəlb etməyib.
O iddia edir ki, Mahir 2023-cü ilin noyabrında qanunsuz miqrasiyanın təşkilində ittiham edilərək həbs olunub.
Bildirilib ki, lakin o, ötən il sentyabrın 20-də Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb və xüsusi hərbi əməliyyat zonasına yollanıb: “Bundan bir həftə sonra isə bilərəkdən yaralanaraq hospitala yerləşdirilib, buradan isə Nijnevartovska geri qayıdıb”.
Məlumata görə, Mahir həmin dövrdən sonra bir neçə dəfə Anastasiyanın anasının çalışdığı gözəllik salonuna hücum edib. Növbəti insident isə mayın 18-də Anastasiyanın işlədiyi gözəllik salonunda qeydə alınıb. O burada keçmiş həyat yoldaşının hazırda münasibətdə olduğu şəxsə bibər qazı sıxıb. Görüntülərdən Mahirin həyat yoldaşına əlindəki predmetlə vurduğunu da görmək mümkündür.
Qadın üzləşdiyi vəziyyətlə bağlı yardım çağırışı edib.