İranın yol və şəhərsalma naziri Bakıda rəsmi səfərdəDİR. Səfər çərçivəsində Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçirilib, nəqliyyat, sərhəd infrastrukturu və regional logistika layihələrinin icra vəziyyəti və perspektivləri müzakirə olunub. Tərəflər xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi, tranzit imkanlarının artırılması və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi məsələlərinə diqqət yetiriblər.
Bakı-Tehran arasında texniki və infrastruktur layihələrinin genişlənməsi siyasi münasibətlərin uzunmüddətli sabitliyini təmin edə bilərmi?
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan və İran arasında münasibətlərin normal məcradə inkişaf etməsi hər iki ölkə üçün olduqca vacibdir. Çünki qonşu dövlətlər arasında əlaqələrin inkişafı hər iki tərəfin rifahına xidmət edə bilər:
Politoloqun sözlərinə görə, hazırda Azərbaycan və İran arasında həm iqtisadi-ticari, həm logistika, həm də siyasi-diplomatik münasibətlər kifayət qədər pozitiv məzmun daşıyır və inkişaf perspektivlərini qoruyur. Bu baxımdan mövcud situasiyada əlaqələrin daha intensiv xarakter alması yaxın gələcəkdə iki ölkə arasında əməkdaşlığın daha yüksək mərhələyə keçməsi üçün əlverişli şərait yarada bilər:
"Pezeşkianın hakimiyyətinin mövqeyi Azərbaycan-İran münasibətlərinin perspektivləri baxımından ciddi ümidlər yaradır. Çünki əvvəlki hakimiyyətlərdən fərqli olaraq, Pezeşkianın administrasiyası qonşu ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərin pozitiv məzmun daşımasına xüsusi həssaslıq və önəm göstərir".

Elçin Xalidbəyli: Azərbaycan hazırda İrana qarşı mövcud təzyiq kampaniyasının iştirakçısı deyil
Müsahibimiz hesab edir ki, bu baxımdan həm prezident Pezeşkianın, həm də onun siyasi komandasının Azərbaycanla normal münasibətlərin inkişaf etdirilməsi istiqamətində müəyyənləşdirdiyi siyasi kurs hər iki ölkənin maraqlarına cavab verir.
Politoloq qeyd edib ki, ümumilikdə Azərbaycan həmişə qonşu dövlətlərlə, o cümlədən İranla normal münasibətlərin tərəfdarı olub. Azərbaycan hazırda İrana qarşı mövcud təzyiq kampaniyasının iştirakçısı deyil. Rəsmi Bakı əksinə, İrana qarşı hər hansı hərbi müdaxilənin əleyhinə mövqe tutur və bütün problemlərin danışıqlar masası arxasında, siyasi-diplomatik vasitələrlə həllini dəstəkləyir:
"Bu baxımdan Azərbaycan və İran arasında münasibətlərin daha da inkişaf etməsi və daha yüksək mərhələyə keçməsi üçün kifayət qədər mühüm şərait mövcuddur".
Zeynəb Rzayeva
Bakı 




