• Bakı 22° C

    15.31 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Bakıda Firəngiz xanımla qocalar evinə getdik,  demə, orda…

 

MƏDƏNİYYƏT

17 Avqust 2022 | 15:07

Bakıda Firəngiz xanımla qocalar evinə getdik,  demə, orda… 

Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış müğənni və aktrisası Firəngiz Rəhimbəyova vəfat edib.

Aktrisa ilə bağlı təəssüratlarını Bakıvaxtı.az-la bölüşən əməkdar artist Tahir İmanov ( “Bəxt üzüyü 2” filmində Xoşbəxt obrazı) Firəngiz Rəhimbəyovanın çox böyük şəxsiyyət olduğunu bildirib:

“Biz insanların qədrini öləndən sonra bilirik. Firəngiz xanımın ölümündən sonra KİV-lər yazır ki, o, müasir Azərbaycan estradasının qurucularından olub. Lakin mən bunların hamısını, sağkən özünə demişəm. Firəngiz xanım Azərbaycan estradasının ən parlaq nümayəndələrindən biri idi. O, heç vaxt sənətində, ifasında, dostluq münasibətlərində bayağılığa yol verməyib. Firəngiz xanım sözün əsl mənasında özəl, səmimi insan idi. Biz təxminən 1 həftə Bakıda ünsiyyətdə olduq, daha sonra 3 aya yaxın müddətdə telefonda, sosial şəbəkədə əlaqə yaratdıq. Biz “Bəxt üzüyü 2”-nin çəkilişlərindən sonra boş vaxtları dəyərləndirirdik, birlikdə vaxt keçirirdik”.

T.İmanov bildirib ki, film çəkilişlərindən sonra F.Rəhimbəyova Bakıda olan yeni binaları, muzeyləri gəzmək istəyirdi:

“Biz onunla bir neçə muzeyə, Heydər Əliyev Mərkəzində olduq. O, belə bir ifadə işlətdi: “Bakı doğrudan da çox gözəldi, amma mən qoyub getdiyim Bakı deyil”. O bu sözü pis mənada yox, tam əksinə yaxşı mənada dedi. Fəxr edirdi ki, Bakı indi daha da gözəlləşib, yenilənib. Firəngiz xanım Bakıda istədiyi hər yerə gedə bildi. Biz birlikdə bir məkana getdik, o, sadəcə bildirdi ki, burda onun xatirəsi var. Lakin bizə həmişə öyrədiblər ki, sənə aid olmayan şeylərlə maraqlanma. Mən də ona görə artıq heç bir sual vermədim. Daha sonra biz birlikdə qocalar evinə getdik. Firəngiz xanım söylədi ki, burda onu böyüdən şəxs qalır. Mən sonralar eşitdim ki, o qocalar evində Firəngiz xanımın ögey anası qalırmış”.

T.İmanov daha sonra Bakıvaxtı.az vasitəsi ilə Firəngiz Rəhimbəyovanın ailəsinə başsağlığı verib:

“Məndə təəssüf ki, Firəngiz xanımın ailə üzvlərinin əlaqə nömrəsi yoxdu. Mən sizin sayt vasitəsilə burdan Firəngiz xanımın ailəsinə dərin başsağlığı verirəm. Allah dəyərli sənətkarımıza rəhmət eləsin, ailəsinə səbr versin!”

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

03 Iyul 2025