Bakının Nəsimi rayonunda Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınan qəza nəticəsində xəsarət almış 4 nəfər təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb.
Bu barədə Bakıvaxtı.az-a Mərkəzdən bildirilib.
Məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər döş qəfəsinin travması ilə, bir nəfər isə qarnının küt travması və bədənin ümumi əzilməsi ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəsarət alanlardan bir nəfərin başında və üzündə yüngül yaralar olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hazırda xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti stabil qiymətləndirilir.
***
08:48
Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub.
Bu zaman Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi “Fiat” markalı avtomobil ona çırpılıb.
Qəza zamanı iki polis əməkdaşı və “Mercedes”-in sürücüsü ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib./apa/
















