“Büdcə layihəsi prezidentimizin yürütdüyü uğurlu siyasətin nəticəsidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 13 noyabr tarixli iclasında Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Azərbaycan bütöv ərazisinin dövlət büdcəsini müzakirə edir: "Sevindirici haldır ki, büdcə layihəsində 7 rayonumuzdan başqa hər biri büdcəsini tam təmin edir. Həmçinin, stimul yaranır ki, büdcənin 50%-i regionlarda qalır".
Onun sözlərinə görə, insanları düşündürən əsas məsələlərdən biri onların rayonlara qayıtmasıdır: “İpoteka qiymətlərində fərq olmalıdır ki, insanlar rayonda ev alıb yaşaya bilsin. Əlavə olaraq, belə bir qanun var ki, ancaq dövlət qulluqçuları ipoteka ilə ev ala bilər. Elə etmək lazımdır ki, başqa sahədə işləyənlər də ipoteka ilə ev ala bilsin”.
S.Novruzov qeyd edib ki, güzəştli mənzillərin hamısı Bakıda tikilir: “Biz özümüz elə şərait yaradırıq ki, insanlar Bakıya köçməyə məcbur olur. Sonra da deyirik ki, Bakıda əhali sayı artır. Ona görə, güzəştli evlər rayonlarda da tikilsin. Bakıda qeydiyyatsız evlərin sayı 1 milyona çatır. Az qala həmin adamın nəvəsi o evdə yaşasın, gəlin gətirsin, hələ də qeydiyyata alınmayıb. Kim etməlidir?! BMT qətnamə çıxarmalıdır bu haqda?!”.
Aytac Aslan
















