2020-2040-cı illərdə Bakı şəhərinin inkişafı üçün 93,6 milyard manat məbləğində vəsait tələb olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd edilib. Bildirilir ki, bu vəsaitin 60,5 milyard manatı dövlət, 33,6 milyard manatı isə özəl investisiyalar hesabına qarşılanacaq.

Vüqar Bayramov, millət vəkili
İqtisadçı millət vəkili Vüqar Bayramov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Bakının Baş planı hazırlananda həm beynəlxalq ekspertlərdən, həm də bu sahədə təcrübəsi olan xarici və yerli qurumların təkliflərindən istifadə olunub. Onun sözlərinə görə, Baş plan ortamüddətli dövrü əhatə edir, xərclər də müasir çağırışlar nəzərə alınaraq hesablanıb: “2040-cı ilədək 93,6 milyard manat vəsaitin bu istiqamətə yönəldilməsi nəzərdə tutulub. Burda söhbət sərmayənin cəlb edilməsi, infrastrukturun genişləndirilməsi, dövlət özəl tərəfdaşlıq fonunda daha çox vəsaitin Bakının inkiafına yönəldilməsindən gedir”.
Deputata görə, nəzərə alasaq ki, söhbət növbəti 16 il üçün nəzərdə tutulan plandan gedir, sözsüz, növbəti dövrün çağırışlarına uyğun olaraq vəsaitlərin həcmində dəyişikliklərin olmasını müşahidə edə bilərik. Məqsəd planda nəzərdə tutulan hədəflərin reallaşmasıdır: “Müəyyən hədəflərin müəyyənləşməsi, planda qeyd edilməsi də imkan verəcək ki, həmin hədəflərə çatılması daha asan və məqsədli olsun. Ona görə də, Baş planın hazırlanması vacib və pozitiv hadisədir. Bakının daha sürətli inkişafına və infrastrukturunun genişlənməsinə xidmət edəcək”.

Aydın Hüseynov, millət vəkili
Millət vəkili Aydın Hüseynovun Bakıvaxtı.az-a dediyinə görə, Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planı paytaxtın gələcək inkişafının planlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Deputat qeyd edib ki, aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədilə hazırlanmış Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir: “O cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir”.
Müsahibimiz bildirib ki, Bakının Baş Planı 4 prioritet hədəfə - şəhərin dayanıqlı inkişafı, ətraf mühitin regenerasiyası, şəhərin memarlıq siması və tarixi irsə qayğı və yeni şəhər iqtisadiyyatı prinsiplərinə əsaslanır: “Baş plan çərçivəsində mərkəzlər üç kateqoriyaya bölünüb. Bunlar əsas şəhər mərkəzi, regional mərkəzlər və alt-mərkəzlərdən ibarətdir. Baş Plana əsasən, ərazi üzrə konkret tikinti norma və qaydalarının tətbiq edilməsi və mərkəzi Bakının özünün tarixi hüdudları daxilində ahəngdar inkişafının təmin olunması, cəmləşmiş memarlıq və tarixi abidələrin mühafizəsi, əhalinin daha çox istirahət, əyləncə və xidmət məkanı kimi istifadə etdiyi ərazilərin genişləndirilməsi nəzərdə tutulur. Müasir infrastrukturlar şəbəkəsi sisteminə əsasən, paytaxtda metro və dəmir yolu şəbəkəsinin inkişafı, küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi və genişləndirilməsi, ictimai nəqliyyat marşrutlarının təkmilləşdirilməsi və genişləndirilməsi də əsas prioritetlərdəndir”.
A.Hüseynovun sözlərinə görə, Baş Planın icrası dövlət büdcəsi vəsaitləri ilə yanaşı, özəl sektorun sərmayələri hesabına təmin olunacaq: “İlkin hesablamalara görə, paytaxtın müxtəlif istiqamətli inkişaf-şəhərsalma konsepsiyası üçün nəzərdə tutulan maliyyə vəsaitinin məbləği 93,5 milyard manatdan bir qədər artıqdır. Həmin məbləğin 33 milyard manatdan çoxu bilavasitə özəl investisiya mənbələri hesabına, qalan 60,5 milyard manatı isə dövlət və dövlət+özəl maliyyə mənbələri hesabına qarşılanacaq”.

Ramil Qasımlı, daşınmaz əmlak üzrə ekspert
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Bakının Baş planı üçün ayrılan vəsaitin 2040-ci ilə qədər xərclənməsi nəzərdə tutulub: “Kifayət qədər böyük məbləğ olsa da, Baş planda ətraflı şəkildə vəsaitin sərf olunmasına dair istiqamətlər qeyd olunub. Bu vəsaitə yeni bir şəhər də salmaq mümkündür”.
Müsahibimiz hesab edir ki, Bakının böyük bir şəhərə çevrilməsi, infrastruktur olaraq formalaşması, müasir tələblərə cavab verməsi üçün çox ciddi işlərə ehtiyac var: “Ona görə də, qeyd olunnan vəsaiti o qədər də böyük görməməliyik. Baş plan, təqribən, 16 ili əhatə edir”.
Onun sözlərinə görə, ümumilikdə götürsək, elə 5 milyarddan bir az artıq vəsait xərclənməsi nəzərdə tutulur: “Təxminən, 20-dən artıq metrostansiyanın, 2 böyük deponun tikintisi, 28 May stansiyasının yenidən qurulması nəzərdə tutulub. Əlavə olaraq, yeni yol infrastrukturu, köhnə yaşayış fondunun tamamilə sökülüb sıradan çıxarılması, yeni yaşıllıq zolaqlarının, meşələrin salınması, sənaye subyektlərinin yaradılması və s. bu kimi şeylər də Baş plana daxildir. Düşünürəm ki, ayrılan vəsait səmərəli və şəffaf sərf olunsa, 2040-ci ildə yeni bir şəhər görə bilərik”.
Aytac Aslan
















