Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonu ictimai nəqliyyat fəaliyyət göstərmir. Həftəsonu ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması nəticəsində insanlar bir sıra çətinliklər yaşamaqdadırlar.
Bakıvaxtı.az xəbər verir ki, Bakı şəhərində müntəzəm sərnişindaşımaların dayandırılması qanunsuz sərnişindaşıma fəaliyyətinə yol açıb.
Belə ki, yaranmış vəziyyətdən istifadə edərək, sərnişindaşıma xidməti ilə məşğul olan fərdi şəxslər süni şəkildə qiymətləri artırırlar. Bu azmış kimi köhnə, istismara yararsız olan, standartlara uyğun gəlməyən nəqliyyat vasitələrilə sərnişindaşıma xidməti göstərməklə insanların sağlamlığını təhlükəyə atırlar.
Həftəsonu Bakı Dəmiryolu vağzalının qarşısında dayanaraq ictimai nəqliyyat fəaliyyəti göstərən mikroavtobuslara etiraz edən vətəndaşlar “BakuBus”a məxsus iritutumlu və dezinfeksiya olunan avtobuslar həftəsonu da fəaliyyət göstərsə, koronavirusa yoluxanların sayının azalacağını iddia edirlər.
Qeyd edək ki, yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində həftəsonu ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Ramid İbrahimov
















