Hər gün piyada vurulması ilə bağlı xəbərlər oxuyuruq. Burda piyada səhlənkarlığı ilə yanaşı sürücü məsuliyyətsizliyi də var. Bu qəzaların bəziləri piyada keçidlərində baş verir. Sürücülər bəzi “zebra”ların rəngi getdiyindən görünməz halda olduğundan şikayətlənir.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıvaxtı.az-a bildirib ki, ümumiyyətlə, Bakı şəhərində piyada zolaqları, piyada keçidləri, yol nişanlarının qurulması, işıqforların tənzimlənməsi bərbad vəziyyətdədir: “Bu işlər çox ləng gedir. Hətta bir vaxtlar Bakı şəhərinə heç bir beynəlxalq standarta uyğun gəlməyən yol nişanları quraşdırmışdılar. Beynəlxalq standartlara görə, yol nişanlarının xüsusi forması var. Gətirib Bakıya günəş enerjisi ilə işləyən, hamısı eyni ölçüdə olan kvadrat yol nişanları quraşdırmışdılar. Bizim mediada uzunmüddətli çıxışlarımızdan sonra, nəhayət ki, bu yol nişanlarını yığışdırdılar. Yəni, Bakıda nişanlanma bu haldadır. Ona görə də, Bakıda bu gün piyada keçidlərindəki zolaqların rənginin solması, bu işlərin vaxtında görülməməsi məndə heç bir təəccüb doğurmur”.
Ekspertin sözlərinə görə, bu işdə böyük bir məsuliyyətsizlik və səhlənkarlıq hökm sürür: “Piyada keçidindəki rənglərin solması ilə yanaşı, Bakl şəhərində piyada keçidləri çox təhlükəli yerlərdə, misal üçün, qəfl döngələrdə, enişdə və yoxuşda piyada keçidləri qoyulub. Halbuki ordan yol keçmək vətəndaşların həyatı üçün böyük təhlükədir”.
Həmsöhbətimiz hesab edir ki, bu məsələ ilə bağlı xüsusi monitorinq keçirib bir daha baxılmasına ehtiyac var.
Aytac Aslan
















