• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Balakəndə ƏMƏLİYYAT: 9 nəfər saxlanıldı

HADİSƏ

05 Yanvar 2022 | 08:55 | Müəllif: Qalib İbrahimoğlu

Balakəndə ƏMƏLİYYAT: 9 nəfər saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində silsilə əməliyyatlar keçirilib.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Verilən məlumata görə, keçirilmiş tədbirlərlə 9 nəfər tutularaq məsuliyyətə cəlb olunub və 6 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Tülü kənd sakini Elşən Orucov saxlanılıb və şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin narkotik vasitəni rayon sakini Şahmurad Bodurovdan, Ş.Bodurovun isə Gərəkli kənd sakini Ramazan Umayevdən 100 qramını 500 manata aldığı müəyyən edilib. Onların hər ikisi saxlanılıb və şəxsi axtarış zamanı qurudulmuş marixuana, eləcə də narkotik satışından əldə etdikləri pul aşkarlanaraq maddi sübut kimi götürülüb. R.Umayevin özünün nəzarətində olan,ancaq heç kimin yaşamadığı xalasının evinə baxış keçirilən zaman oradan 3 kq 635 qram marixuana aşkar edilib və qablaşdırılaraq götürülüb.

Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyatlar zamanı isə rayon sakinləri, əvvəllər məhkum olunmuş Rasim Əliyev, Taleh Ömərov və Tural Ərbəşiyev saxlanılıblar. R.Əliyevdən 455, T.Ömərovdan 196 qram marixuana, T.Ərbəşiyevdən isə “patı” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanıb.

Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 3 nəfər – əvvəllər də eyni əmələ görə bir neçə dəfə məhkum olunmuş Saleh Bayramov, Samir Ayvazov və Səxavət Qədirov saxlanılıblar. Saleh Bayramovun Mahamalar kəndində yaşadığı ünvana baxış keçirilərkən istixanada, xəzəllərin arasında gizlətdiyi sellofan torbadakı 400 qrama yaxın qurudulmuş marixuana qablaşdırılaraq götürülüb. Digər iki nəfərin üzərinə baxış keçirilən zaman Samir Ayvazovdan heroin, Səxavət Qədirovdan isə 350 qram marixuana aşkarlanıb.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026