İtaliyanın keçmiş baş naziri və sağ mərkəzçi Forza Italia (FI) Partiyasının rəhbəri Silvio Berluskoninin diaqnozu açıqlanıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, onun ağciyər infeksiyasının müalicəsi üçün reanimasiya şöbəsində müalicə olunduğu bildirilib. Səhhətində yaranan problemlərə görə bir həftəlik fasilədən sonra Milanda San Raffaele xəstəxanasına aparılan 86 yaşlı liderin həkimləri Prof. Alberto Zangrillo və Prof. Fabio Ciceri yazılı açıqlama verib.
Berluskoninin partiyasının koordinatoru, eyni zamanda baş nazirin müavini və xarici işlər naziri Antonio Tajani bildirib ki, Berluskoninin səhər narahatlığı o yaşda olan insanlar üçün normaldır və panikaya ehtiyac yoxdur. Tajani Berluskoninin gecəni yaxşı keçirdiyini, vəziyyətinin stabil olduğunu, səhər saatlarında partiya rəhbərliyi ilə telefonla danışdığını bildirib.
Qeyd edək ki, Berluskoni nəzarət məqsədilə martın 27-də San Raffaele Xəstəxanasına aparılıb və üç gün xəstəxanada qaldıqdan sonra evə buraxılıb.
1994-2011-ci illər arasında İtaliyada ən uzun müddət vəzifədə olan baş nazir olan Berluskoni 2020-ci ilin sentyabrında Kovid-19-a tutulub və iki həftəlik karantindən sonra sağalıb. Berluskoni xəstəxanadan çıxarkən, "Bu dəfə də bunun öhdəsindən gəldim" deyib.
Murad Məmmədli
















