• Bakı 23° C

    3.89 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Beynəlxalq olimpiada adı ilə aldadıldılar - ŞİKAYƏT - VİDEO

CƏMİYYƏT

23 Iyun 2025 | 11:56

Beynəlxalq olimpiada adı ilə aldadıldılar - ŞİKAYƏT - VİDEO

Riyaziyyat-Mexanika İnstitutunun aparıcı elmi işçisi Vəfa Məmmədova Dubayda keçirilən “FISO” adlı beynəlxalq olimpiada ilə bağlı başına gələnləri bölüşüb.

Bakıvaxtı.azxəbər verir ki, şikayətçi video vasitəsilə valideynlərə səslənib və belə olimpiyadalara aldanmamaqları barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, övladı Əzizə Xəlilova “Landau” məktəbinin Sea Breeze korpusunda, ingilis bölməsinin 7-ci sinfində təhsil alır. Əlaçı, savadlı bir şagirddir.

O, qızının Bakıda keçirilən “FISO” imtahanında iştirak etdiyini və gümüş medal qazandığını bildirib. Dediyinə görə, övladı “Landau” məktəbinin olimpiadalarla məşğul olan departamentin rəhbəri Pərvin xanımın tövsiyəsi ilə bu olimpiadaya qatılıb. Onun sözlərinə görə, Pərvin xanım, olimpiadanın yüksək səviyyədə “Global Olimpia Center” tərəfindən təşkil olunduğunu deyib. Bildirib ki, mərkəzin rəhbəri Xəyal İbrahimzadədir.

“Mən də düşündüm ki, əgər Pərvin xanım məsləhət verirsə və bu işlə məşğuldurlarsa, etibar etmək olar”.

Zərərçəkmiş bu yarışın pullu olduğunu nəzərə çatdırıb və əlavə edib ki, bu məbləğ uşaqlar üçün 1650 dollar, valideyn üçün isə əlavə 1600 dollardır.

“Mən ümumilikdə 5000 manatı Əli müəllimə şəxsən təqdim etdim, 525 manatı isə onun bank kartına köçürdüm. Ödəniş üçün heç bir çek təqdim olunmadı”.

Lakin Dubaya çatdıqdan sonra onda bəzi şübhələr yaranmağa başlayıb. Bu şübhələrinin səbəbininin isə təkcə Azərbaycandan 183 iştirakçı olması ilə bağlı olduğunu qeyd edib.

“Mən sual verdim ki, başqa ölkələrdən nə qədər iştirakçı var? Belə kütləvi iştirak varsa, imtahan materiallarının hazırlanması zaman tələb edir. Ayın 17-si Qala gecəsi keçirildi. Burada mükafatlandırma olacaqdı. Elə də böyük məkan deyildi və baxdım ki, ancaq azərbaycanlılar əyləşib. Pərvin xanım da orda idi. Sual verdikdə, dedi ki, xaricilər də gələcək. Dedim, “axı Avropa, Amerikadan iştirakçılar olmalıdır. Bu, beynəlxalq səviyyəli bir imtahandır”. Gözlədik və əlbəttə, onlar gəlib çıxmadı. Mozambikdən, Özbəkistandan, 1 nəfər Gürcüstandan, 2 nəfər isə Türkiyədən iştirakçı vardı. Qalanlar isə azərbaycanlılar idi. Qala gecəsində təqdimatda heç kəs bir söz demədi ki, bu nə olimpiadasıdır, nə vaxt yaranıb, sədri kimdi və s. Yəni heç bir məlumat olmadı. Sadəcə aparıcı mikrafonu götürdü və başladı mükafatlandırmanı səsləndirməyə”.

Bundan sonra şübhələrinin daha da artdığını söylənən şikayətçi araşdırmalar etdikdə olimpiada ilə bağlı heç bir məlumat tapmadığını diqqətə çatdırıb:

“Pərvin xanım da etiraf etdi ki, vəziyyət gözlədikləri kimi olmadı. Mən isə soruşdum: “Siz bu departamentin rəhbəri olaraq araşdırmadan necə bu tədbiri valideynlərə tövsiyə edə bilərsiniz?” Cavab verdi ki, əvvəlki iki olimpiada yüksək səviyyədə təşkil olunmuşdu. Deyirəm “siz belə qərar verirsiniz? İndi araşdırın, indi suallar verin”. Çox təəssüf ki, Pərvin xanım heçnə demədi”.

Bakıya döndükdən sonra hadisə ilə bağlı Təhsil Nazirliyi və Baş Prokurorluğa məktublar ünvanladığını qeyd edib:

“Yəqin ki, “Landau”nun da mənə bir açıqlaması olacaq. Bu, qeyri-peşəkar bir yanaşmadır. Bu, kommersiya tipli, maddi marağı güdən bir olimpiadadır. Bu, pul xatirinə olan olimpiadadır. Mən bilmirəm orada nə qədər yeyinti olur və s. Hər yerə müraciət etmişəm. Düzdür bu, vaxt aparan bir prosesdir. Ancaq mənə dərs oldu”.

Mina Mikayılova


SON XƏBƏRLƏR