Qanun kameralar vasitəsilə sürücülərin cəzalandırılmasının qanunsuz olduğunu deyir, Bakı Nəqliyyat Agentliyi (BNA) qanuni olduğunu deyir.
Bakıvaxtı.az xəbər verir ki, cərimə olunan sürücü Aslan Mirzəyev dayanma və durmanın qadağan olunduğu ərazilərdə quraşdırılan kameraların fəaliyyətinin qanunsuz olması barədə BNA-ya şikayət edib.
Vətəndaş bildirib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 124.5 və 124.6-cı maddəsinə əsasən sürücü dayanma və durma qaydasını pozarsa, məsuliyyətli şəxs yaxınlaşıb həmin nəqliyyat vasitəsinin ''bort-kompüter'' vasitəsilə bir neçə şəklini çəkib onun barəsində qərar qəbul etməlidir. Daha sonra isə həmin qərarı çap edib protokolu avtomobilin qabaq alın şüşəsinə qoymalıdır.
Vətəndaşın müraciətinə BNA-da verilən cavabda bildirilib ki, BNA tərəfindən İXM-nin 346.1-ci və 346.2-ci maddələri üzrə inzibati icraat İXM-nin 122.1-ci maddəsi ilə deyil, 124.5-ci və 124.6-cı maddələri əsasında aparılır.
Qeyd edək ki, bəzi sürücülər kamera ilə tərtib edilən cərimədən xəbərsiz olduqları üçün bir neçə ay qaldıqdan sonra həmin cəriməni dəfələrlə artıq, yəni dəbbə pulu ilə ödəyirlər.
Ramid İbrahimov
















