Bolqarıstanın Belitsa kəndindəki EMKO hərbi zavodunda (geniş çeşiddə hərbi məhsulların və döyüş sursatlarının istehsalı üzrə ixtisaslaşmış - red.) partlayış və yanğın baş verib.
Bakıvaxtı.az Bolqarıstan mediasına istinadən xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi (DİN) təsdiqləyib.
Yerli sakinlər həmin ərazinin səmasında nəhəng tüstü buludları barədə məlumat verirlər. Şahidlər bildiriblər ki, hələ də ardıcıl təkrar partlayış səsləri eşidilir.
İlkin məlumata görə, yük maşını yanıb, döyüş sursatı anbarlarından birində yanğın baş verib.
Şəhər administrasiyasının rəhbəri Denço Minev hadisə yerinin mühasirəyə alındığını və yerli əhaliyə təhlükə ilə bağlı təcili xəbərdarlıq edildiyini bildirib.
"Belitsa kəndindəki sursat zavodunun anbarlarının bir hissəsində yük maşınının yanması nəticəsində partlayışlar baş verib. Milli xəbərdarlıq sistemi olan BG-ALERT aktivləşdiriləcək. Qaz tullantıları və havanın çirklənməsi ilə əlaqədar biz insanları öz evlərində pəncərələri bağlamağa, qoruyucu maskalardan istifadə etməyə və çölə çıxmamağa çağırırıq. Havanın keyfiyyətini ölçmək üçün Regional Ətraf Mühitin Mühafizəsi Müfəttişliyinin – Veliko Tırnovonun əməkdaşları da hadisə yerinə yollanırlar", - o qeyd edib.
Hadisə yerinə yanğınsöndürənlər və polislər göndərilib. Hazırda zərərçəkənlər və ya yaralılar barədə məlumat yoxdur.
Bakı 



